RU
“Udemy ilə Java dərsləri” layihəsinin bağlanış mərasimi keçirilib
17:19
33

“Udemy ilə Java dərsləri” layihəsinin bağlanış mərasimi keçirilib


Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsinin qalibi olmuş "Udemy ilə Java dərsləri” layihəsinin bağlanış mərasimi keçirilib.

Mingəçevir şəhər Milli Qəhrəman Natiq Qasımov adına 4 nömrəli tam orta məktəbin müəllimi Könül Ağayevanın rəhbərliyi ilə həyata keçirilən layihənin əsas məqsədi məktəblilərin proqramlaşdırma sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların rəqəmsal savadlılığının artırılması və müasir texnologiyalara marağının gücləndirilməsi olub.

Layihə çərçivəsində iştirakçılar Udemy platformasında təqdim olunan Java proqramlaşdırma kursu vasitəsilə beynəlxalq standartlara uyğun təhsil alıb, nəzəri biliklərini mentor dəstəyi və praktiki fəaliyyətlərlə daha da möhkəmləndiriblər. Təlimlər zamanı şagirdlər Java proqramlaşdırma dilinin əsasları, alqoritmik düşüncə, obyekt yönümlü proqramlaşdırma və sadə proqram təminatlarının hazırlanması istiqamətində bilik və bacarıqlar əldə ediblər.

Bağlanış mərasimində Mingəçevir Dövlət Universitetinin Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Aidə Mustafayeva çıxış edərək layihənin əhəmiyyətini vurğulayıb, iştirakçıları uğurla başa vurduqları təlim proqramı münasibətilə təbrik edib. O, gənclərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinin müasir dövrün əsas prioritetlərindən biri olduğunu qeyd edib.

Tədbirdə Mingəçevir Dövlət Universitetinin Ekoloji Davamlılıq və İqlim Fəaliyyəti Mərkəzinin rəhbəri Şəbnəm İslam da çıxış edərək layihənin məktəblilərin inkişafına verdiyi töhfələrdən danışıb, onların gələcək təhsil və karyera həyatında bu biliklərin mühüm rol oynayacağını bildirib.

Layihənin eksperti, Mingəçevir Dövlət Universitetinin əməkdaşı Aynur Quliyeva çıxışında layihə müddətində əldə olunmuş nəticələrdən bəhs edib, iştirakçıların proqramlaşdırma sahəsində qazandıqları bilik və bacarıqları yüksək qiymətləndirib.

Daha sonra layihə rəhbəri Könül Ağayeva çıxış edərək layihənin icrası müddətində görülən işlər, əldə olunan uğurlar və iştirakçıların inkişaf göstəriciləri barədə ətraflı məlumat verib. O, layihənin həyata keçirilməsinə dəstək göstərən bütün tərəfdaşlara, ekspertlərə, təlimçilərə, məktəb rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib.

Tədbirdə Mingəçevir şəhər Milli Qəhrəman Natiq Qasımov adına 4 nömrəli tam orta məktəbin direktor müavini Günel Nurəddinova da çıxış edərək layihənin şagirdlərin texnoloji bacarıqlarının inkişafına mühüm töhfə verdiyini vurğulayıb və layihənin təşkilatçılarını uğurlu nəticələr münasibətilə təbrik edib.

Bağlanış mərasiminin ən maraqlı hissələrindən biri iştirakçı şagirdlərin təqdimatları olub. Layihə müddətində əldə etdikləri bilik və bacarıqlardan istifadə edən şagirdlər Java proqramlaşdırma dili vasitəsilə hazırladıqları müxtəlif oyun və layihələri nümayiş etdiriblər. Təqdim olunan işlər iştirakçıların proqramlaşdırma sahəsində qazandıqları praktiki bacarıqları və yaradıcılıq potensialını əks etdirib.

Sonda layihə iştirakçılarına iki növ sertifikat təqdim olunub. Şagirdlər həm Udemy platformasında kursu uğurla başa vurduqlarına görə beynəlxalq sertifikat, həm də "Udemy ilə Java dərsləri” layihəsində iştiraklarını təsdiq edən sertifikatlarla təltif ediliblər.

Tədbir xatirə şəkillərinin çəkdirilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Udemy ilə Java dərsləri” layihəsi məktəblilərin proqramlaşdırma sahəsində ilkin peşəkar biliklər əldə etməsinə, rəqəmsal bacarıqlarının inkişafına və gələcəyin texnologiyalarına daha yaxından inteqrasiya olunmasına mühüm töhfə verib.
 








 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ