Xəzri Elxanoğlu: “Ukraynada təhsil alan gənclər arasında dövlətimizi sevən gənclər yetərincədir”
Müsahibimiz Xəzri Elxanoğlu uzun müddətdir ki, Ukraynada yaşayır. Onun vətənə bağlı olması Ukraynada ictimai aktivlik göstərməsi, ölkəmizi təbliğ etməsindən aydın görünür. Xəzri Elxanoğlu hazırda Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Ukrayna Nümayəndəliyinin rəhbəridir. O, eyni zamanda ikinci ali təhsilini alır.
-Hazırda hansı sahədə təhsil alırsız və əsas araşdırmalarınız nədən ibarətdir?
-Mən hazırda ikinci ali təhsilimi Ukraynanın və possovet ölkələrinin ən tanınmış unversitetlərindən və hərbi aviasiya mərkəzlərindən sayılan Milli Aviasiya Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda Beynəlxalq hüquq üzrə alıram.
Məni diplomatiya sahəsi hər zaman maraqlandırıb. Araşdırma məqsədi ilə yox, daha çox bilmək istəyirəm ki, on illərdir, bu günün özündə də dünyanı idarə edən Avropa Şurası və onun qanunları, icraedici strukturları və s. necə və hansı formada yazılıb və işləyir? Ona görə də Avropa hüquq məcəlləsi haqqında bacardığım qədər öyrənməyə çalışıram.
İkinci, praktiki təcrübəm olmasa da, nəzəri cəhətdən ixtisasca jurnalistəm.
Bir neçə tamamlamadığım əsərlərin üzərində hərdən vaxtım olanda və ya əhvalım yerində olanda işləyirəm. Əlbəttə ki, daha çox siyasi və tarixi mövzuda realliğa uyğun məqalələr də yazıram.
Bundan da əlavə, bacardığım qədər ictimai fəaliyyətlə dövlətimə və ümumən diaspor sahəsinə göstərdiyim fəaliyyətimlə az da olsa xeyir vermək istəyirəm. Həm də siz də yaxşı bilirsiniz ki, ictimai fəaliyyət və ya diaspor fəaliyyəti yarım diplomatiyadır. Hətta, deyərdim ki, qeyri-rəsmi şəkildə də olsa, əsl diaspor səriştəsiz diplomatdan daha çox iş görə bilir.
-Xaricdə təhsil alan gənclər vətənə nə dərəcədə bağlıdırlar?
-Bildiyiniz kimi, bu gün dünyanın əksər ölkələrində azərbaycanlı gənclərimiz təhsil alır. Bundan əlavə, 2001-ci il ümummilli lider Heydər Əliyevin öndərliyi ilə Bakıda keçirilən Dünya Azərbaycanlılarının birinci qurultayından sonra xarici ölkələrdə sistemli şəkildə diasporumuz fəaliyyətə başladı. Təbii ki, sistemli diaspor yaratmaq üçün həmin ölkələrdə təhsil alan gənclərin üzərinə də böyük iş düşürdü. 2001- ci ildən bugünə kimi tələbə gənclərin diasporun inkişafına nə dərəcədə xidmət etməsi onların vətənə bağlılığından asılı olub.
Bu gün mən səmimi şəkildə deyə bilərəm ki, azərbaycançılıq üçün çalışan gənclərin hər biri vətəninə, dövlətinə bağlıdır.
-Son illər Ukraynada azərbaycanlı tələbələrin təhsil alması kütləviləşib. Bunu nə ilə izah etmək olar?
-Deməzdim ki, sadəcə, Ukraynada azərbaycanlı tələbələr çoxdur.
Eləcə də Türkiyə, Rusiya, Belarus və Gürcüstan kimi dövlətlərdə də bir sıra dövlət və özəl universitetlərdə azərbaycanlı gənclər təhsil alır. Təbii ki, bu gənclərin arasında məktəbi bitirib Azərbaycanda qəbul imtahanından kəsilənlər də var. Amma xarici ölkədə təhsil almaq istəyən ancaq ABŞ, İngiltərə kimi ölkələrə getməyə maddi imkanı çatmayan gənclərimiz də çoxdur.
Bilirsiniz ki, xaricdə təhsil almağın öz üstünlükləri var. Xaricdə təhsil alan savadlı gənc, ilk növbədə təhsil aldığı dövlətin dilini normal səviyyədə bilir. İkinci növbədə Azərbaycanda istər dövlət, istərsə də özəl müəssisələrdə xarici universiteti bitirən gənclər bir addım öndədir.
Şəxsən mən Azərbaycanı və buranın tədris metodunu müqayisə edərək deyə bilərəm ki, Azərbaycanda tədrisdə nəzəriyyə daha çox üstünlük təşkil edir, xaricdə isə praktikaya daha çox üstünlük verilir. İş zamanı isə köməyə nəzəriyyədən daha çox praktika çatır.
Yəni sadə formada desək, xarici universiteti bitirən savadlı gənc yarım təcrübəli işçidir.
-Ukraynada təhsil alan gənclərin həmrəyliyi hansı səviyyədədir?
-Çox gözəl sualdır. Vətənpərvər gənclərimiz çoxdur. Deyərdim ki, tanıdığım gənclərin hamısı vətənpərvərdir, amma həmrəylik məsələsinə gəlincə, bir az ya tənbəllik edirik, ya da laqeydik.
Yəqin ki, “Dədə Qorqud” filminə çox baxmısınız. Orada bir Qazan xanın oğlu Tural obrazı var, bir də Beyrək. Hər ikisi vətənpərvərdir.
Birinin canında igidlik var: hər zaman, hər yerdə igidliyini göstərir. O birisi atasından işarət gözləyir. Əlinə qılınc almaq, belinə qurşaq bağlamaq əvəzinə, gül dərib, eşq nəğmələri oxuyur.
Həyatda hər şey lazımdır; əylənmək də, istrahət etmək də və s. Ancaq gərək yuxudan da qaldırıb vətən üçün dağ yarmaq, çay keçmək lazımdır deyilirsə, bir saniyə düşünmək sənə gərək çox gəlsin.
Amma gələcəyə baxıb, sadəcə, sevinirik. Həmişə dediyim kimi, istəsək də, istəməsək də gələcək savadlı və ağıllı gəncliyin əllərindədir.
-Gənclərimiz oxuduqları universitetlərdə ölkəmizi layiqincə təmsil edirlərmi?
-Gənclərimizin Azərbaycanı ən yüksək səviyyədə təbliğ etməsi, onların yüksək səviyyədə təhsilli və tərbiyəli olmalarıdır.
-Ukrayna universitetlərində azərbaycanlı elm adamları varmı?
-Ukraynanın müxtəlif təhsil ocaqlarında savadlı və vətənpərvər elm adamlarımız işləyir. Onlara misal olaraq ukraynalı tələbələrin və şəxsən özümün də gözəl tanıdığım, diplomatiya ilə bağlı bir neçə kitabın müəllifi olan dəyərli müəllimim, professor Arif Quliyevi, Ukraynada yetərincə tanınmış türkoloq Fərhad Turanlını və yenicə tanıdığım yüksək səviyyədə vətənpərvər, Ukrayna Dövlət Beynəlxalq Ticarət və Maliyyə Universitetində dekan işləyən, əslən azərbaycanlı Gülnaz Lazko və s. qeyd edə bilərəm.
Adını çəkdiyim ziyalılarımız çalışdıqları universitetlərdə, sadəcə, elm tədrisi ilə məşğul olmurlar. Onlar ukraynalı və xarici tələbələri və həmkarları arasında Azərbaycanın müsbət yöndə təbliğatını aparırlar.
Bu da özlüyündə ən aktiv diaspor fəaliyyəti və daha da irəli getsək, çox ağıllı lobbi fəaliyyətidir.
-Azərbaycanlı gənclər ukraynalı gənclərlə müqayisədə nə dərəcədə fəaldır?
-Bu gün vətənimizdə istər siyasi partiyalarda, istərsə də QHT -lərdə çoxlu sayda istedadlı gənclər fəaliyyət göstərir. Öz fəallığı ilə seçilən azərbaycanlı gənclər yaşadığım ölkənin gənclərindən daha çox ictimai və siyasi savada malikdirlər. Eyni şəkildə dövlətin müəyyən əhəmiyyət kəsb edən strukturlarında gənclərimiz işləyir. Bu o deməkdir ki, dövlətçilik strategiyasının yaranması və inkişafı tam sürəti ilə davam edir.
Bundan əlavə, Azərbaycanda media orqanlarının çox və eyni səviyyədə azad olması biz, xaricdə yaşayan gənclərə də imkan yaradır ki, sanki vətəndəyik kimi istənilən ictimai-siyasi proseslərlə bağlı informasiyanı öyrənək.
-Gənclərdə vətəndaş mövqeyinin güclənməsində ictimai fəaliyyətin nə kimi rolu var?
-Sadəcə, gənclərin yox, hər kəsin yaşından asılı olmayaraq dövlətimiz üçün önəm daşıyan ictimai işlərdə iştirak etməsi vətəndaş mövqeyinin güclənməsinə xidmət edir. Gənclər demokratiyanın, inkişafın, ən əsası dövlətçiliyin yaranmasında və inkişaf etdirilməsində böyük pay sahibi olmalıdır. Azərbaycan gəncləri təkcə vətənimizdə deyil, dünyanın müxtəlif inkişaf etmiş Avropa və Asiya ölkələrində təhsil alırlar. Bu gün biz vətəndən kənarda yaşasaq da, gücümüz çatdığı qədər Azərbaycanın ictimai və siyasi həyatında yaxından iştirak etməyə çalışırıq.
Çünki Şərqdə və keçmiş sovet ölkələri arasında ilk demokratik dövlət məhz ADR olub. O, cümhuriyyətin davamçısı olan müstəqil Azərbaycanda nə gözəldir ki, Asiya və xüsusən MDB-yə daxil olan ölkələrə demokratiya dərsi keçir. Əsas da o baxımdan irəlidəyik ki, gənc və savadlı Prezidentə və artıq yetişməkdə olan gənc kadrlara malik dövlətimiz var. Bu gün dövlətdə baş verən siyasi və strateji proseslər və ya dəyişikliklər inanıram ki, hər şeyi daha da çox müsbətə doğru dəyişəcək. Mən, hətta keçən müsahibəmdə qeyd etmişdim ki, Azərbaycanda yaxın vaxtlarda müsbətə doğru dəyişikliklər olacaq. İndi də deyirəm ki, bu proses davam edəcək və hələ müəyyən strukturlarda da davam etdiriləcək. Dövlətçi gənclər üçün hələ yaxşı günlər qarşıdadır.
Gənc olmaq Tanrının bir lütfüdür və bu o deməkdir ki, savadlı və ağıllı gəncləri olan dövlət ən güclü və sağlam dövlətidir.
-Xaricdəki tələbələrimizin ictimai fəallığı hansı səviyyədədir?
- Ukraynada da təhsil alan gənclər arasında dövlətimizi sevən millətçi, dövlətçi gənclər yetərincədir. Onlar Azərbaycanda gedən hər bir siyasi və ictimai prosesləri yaxından izləyirlər, baxmayaraq ki, ölkədən kənarda yaşayır və təhsil alırlar. Deyərdim ki, qürbətdə yaşayan gənclər Azərbaycanda yaşayan gənclərdən daha çox vətənpərvər olur. Çünki vətən həsrəti öz sözünü deyir və siz də qəbul edərsiniz ki, uzaqdan hər şey yaxşı görünür.
Vətənimizin güclənməsi və inkişafı eyni ilə regionda və dünyada söz sahibi olması ən çox xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan diasporunun xeyrinədir. İnanıram ki, dövlətimizdə baş verən proseslər diasporumuza da müsbət təsirini göstərəcək./palitranews
7news.az








