Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) nəznində fəaliyyət göstərən Animus Azərbaycan Fəlsəfə Akademiyasının eksperti, gənc müəllif Həbib Heydərin qələmə aldığı “Ulduz Tozu” fəlsəfi avtobioqrafik gənclik romanının təqdimat mərasimi keçirilib. “Ulduz Tozu” Azərbaycan ədəbiyyatı tarixinə ilk fəlsəfi roman kimi imzasını atdı. 80-dən artıq oxucu və ictimai fəal gəncin qatıldığı təqdimat mərasimində əsərin ədəbi-bədii xüsusiyyətləri ilə yanaşı, çağdaş ədəbiyyatımızla bağlı çoxsaylı tənqidi-innovativ fikirlər də səsləndirilib.
Müasir ədəbiyyatımızda post-modernist dəbdən fərqli istiqamət götürən irihəcmli “Ulduz Tozu” romanı eləcə də ideya baxımından Azərbaycanın ilk nihilist-ekzistensialist romanıdır. Əsərdə vacib ontologiya problemləri dərin fəlsəfi dialoq və polemikalar şəklində təsvir edilib. Əsər boyu “İnsan kimdir?”, “Azadlıq nədir?”, “Fərd və Cəmiyyət”, “Həyat və Ölüm”, “Tanrı və İnsan”, “Xoşbəxtlik və Bədbəxtlik”, “Ümid və Arzu” kimi ümumbəşəri problemlərə dair müəllifin fəlsəfi mühakimələri tutarlı arqumentlərlə şərh edilib. Çoxşaxəli süjet xəttinə malik “Ulduz Tozu”nda aydın gəncliyin şübhə və etirazları vahid ideya ətrafında toplanıb.
Rüğu Rügzö təxəllüsü ilə yazan Həbib Heydər bir il ərzində ərsəyə gətirdiyi və gəncləri düşünməyə vadar edən kitabının təqdimatını seminar üslubunda keçirməklə romanda qoyulmuş fəlsəfi problemlərə dair gənclərin də fikirlərini öyrəndi. Əsəri – “hər şey və heç nə haqqında roman” kimi xarakterizə edən müəllif qeyd edib ki, romanın hədəf kütləsi intellektual azlıqlardır. Zidd düşüncəyə mənsub iki gəncin sevgi dramı fonunda fəlsəfə və din toqquşması romanın ana mövzusudur. Kitabda vacib nüanslarından biri də romanın yeni orfoqrafik prinsiplər əsasında nəşr olunmağıdır. Belə ki, əsər müəllifin ərəb mənşəli sözlərin orfoqrafiyasına təklif etdiyi dəyişikliklər əsasında çap edilib.
Qeyd edək ki, Animus Azərbaycan Fəlsəfə Akademiyası gənclər arasında fəlsəfənin təbliği və öyrənilməsi, eləcə də fəlsəfə sahəsində gənclər üçün mühüm layihələrin təşkil edilməsi məqsədi ilə nəzərdə tutulmuş təsisatdır.








