Dünyada hökm sürən maliyə və iqtisadi böhranın ölkə iqtisadiyyatına, əhalinin yaşayış səviyyəsinə mənfi təsirinin minimuma endirilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən antiböhran tədbirləri davam edir. Hətta bu istiqamətdə atılan addımlar təkcə böhrandan çıxış yolu kimi qiymətləndirilmir. Yeni idarəçilik sisteminə keçid, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, postneft dövrünün dayanıqlı və təminatlı yaşayış səviyyəsinə hesablanır. Dövlət başçısı birinci olaraq süni qiymət artımından və korrupsiyadan başladı.
Prezidentin birbaşa müdaxiləsi ilə həyata keçirilən dövlət siyasətinin əsasında insan amili dayanır. Vətəndaş faktorunun bütün çılpaqlığı ilə ortaya qoyulduğu bu prosesdə sadə vətəndaş sadəcə vətəndaş olmadığını hiss elədi…
Bu situasiyada dövlətinə, atributuna güvən ən vacib şərt idi və ya şərtdir. Belə bir sual yaranır- vətəndaş ölkə başçısının hansı tapşırıq və göstərişlərini DAHA ÇOX təqdir edir?
Vətəndaşı ən çox narahat edən problemlərdən biri idxaldan asılılıqdır.Əvvəllər idxal-ixrac anlayışı sadə adamları qətiyyən maraqlandırmırdı. Çünki bu gündən bir neçə ay əvvələ boylananda görünür ki, malın və ya məhsulun ixrac ya da idxal nəticəsində əldə olunması vətəndaşın cibinə təsir etmirdi. O zaman narahatlıq faktoru ikinci planda idi. Ümumiyyətlə bütün dövrlərdə və yerlərdə sadə adam o zaman narazı qalır ki, onun cibindəkinə ciddi şəkildə müdaxilə olunur. Elə Avropa ölkələri var ki, vətəndaşlarına, ölkəsinin iqtisadi inkişaf nazirinin adı və kimliyi maraqlı deyil…Xülasə, vətəndaş idxaldan danışır.
Idxaldan aslılığı minimuma endirmək, hökumətin qarşısında qoyulan ən böyük tələbdir. Bu istiqamətdə ən ciddi nəticə kənd təsərrüfatına hesablanır. Dövlət başçısı bu istiqamətdə konkret göstərişlər verməklə yanaşı, inkişaf və fəaliyyət planının hazırlanması barədə də tapşırıqlarını verib. Artıq kor-koranə iş görməyin vaxtı keçib. O ki, qaldı süni qiymət artımına, problemin həll olunduğunu demək təssüf ki, hələ mümkün deyil. Ancaq nəticədən danışmaq olar:
Vətəndaş daha ciddi şəkildə o zaman təlaşlandı ki, hansısa işbazlar onu çörəklə imtahana çəkdilər. Unun qiymətini qaldırdılar, çörəyin çəkisini azaltdılar. Prosesləri izləyərkən görür və eşidirdik ki, ən çox toxunulan və narahatlıq yaradan məhz un və ya un məhsularıdır.
Dövlət başçısı dəfələrlə yerli məhsula diqqətin artırılmasını tövsiyə edib. Hətta bu marağın artması üçün keyfiyyətin yüksəldilməsi şərt olaraq ortaya qoyulub. Amma nəticə o qədər də ürəkaçan olmayıb. Xarici məhsula maraq bütün hallarda daha qabarıqdır.
Beləliklə, biz sizə mövcud ümumi mənzərəni qısa da olsa göstərməyə çalışdıq. Kim nəyi gördüsə nəticəsini də özü çıxarsın. Amma nəticəmiz ədalətli olsun. Çünki mövzu hamımızın sabahıdır, aydın sabahımız..!
7News.Az Turan İbrahimovun təqdimatında sözügedən videonu təqdim edir:








