“Prezidentlər bunu başa düşürlər”.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik 2016-cı ildə tərəflərin həll prosesi ətrafında irəliləyişə nail olmaq üçün danışıqlar masası arxasında əyləşəcəklərinə ümid edir.
7news.az xəbər verir ki, o, bu barədə Ermənistanın “tert.am” agentliyinə verdiyi müsahibəsində deyib.
“Azərbaycan və Ermənistan prezidentləri sülh prosesində irəliləyişə nail olmaq üçün tez-tez görüşməlidirlər.
Biz hərtərəfli sülh sazişinin çoxsaylı elementlərini müzakirə etmək üçün prezidentlərdən aşağı səviyyədə də danışıqlar aparırıq. Bu kimi səylər etimad atmosferinin yaranmasına, gərginliyin azalmasına və münaqişənin tənzimlənməsi ilə bağlı dialoq mühitinin yaxşılaşmasına xidmət edəcək”, - Uorlik bildirib.
Həmsədrin sözlərinə görə, hər iki prezident açıq şəkildə münaqişənin sülh yolu ilə həllinə sadiqliklərini bəyan ediblər. Bu, onların sözlərindən aydındır.
“Genişmiqyaslı müharibə regionu məhv edə bilər və biz əminik ki, prezidentlər də bunu anlayır.
Ümid edirik ki, 2016-cı ildə tərəflər həll prosesi ətrafında irəliləyişə nail olmaq üçün danışıqlar masası arxasında əyləşəcəklər, güc tətbiqindən çəkinəcəklər və prezidentlərin ümumi sülh məqsədini sarsıdacaq təhrikçi ritorikalardan əl çəkəcəklər”, - Uorlik qeyd edib.
7news.az








