"Vyana və Sankt-Peterburqdakı sammitlərdən sonra münaqişənin həlli prosesində irəliləmək üçün yaxşı imkan yaranıb. Bakıda və İrəvanda bu istiqamətdə danışıqları davam etdirəcəyik”
7News.Az məlumat verir ki, bunu jurnalistlərə Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.
ATƏT MQ həmsədri Bakıya gecə saatlarında gəldiyini deyərək, sabah vasitəçilərin Azərbaycan prezidenti ilə görüşünün planlaşdırıldığını qeyd edib.
"Mən və həmkarlarım səbirsizliklə Azərbaycan prezidenti ilə görüşü gözləyirik. Həmsədrlər regiondakı bu görüşləri səbirsizliklə gözləyir. Biz Dağlıq Qarabağ münaqişəsi ətrafında davamlı sülhün əldə olunması üçün mövcud format çərçivəsində tərəflərlə işləməyə hazırıq", - deyə C.Uorlik vurğulayıb.
C. Uorlik söyləyib ki, ABŞ, Rusiya və Fransa münaqişənin həllinin tapılması istiqamətində sıx fəaliyyət göstərir: "Biz bu yaxınlarda Moskvada xarici işlər naziri Sergey Lavrovla görüşdük. Hər üç həmsədrin bölüşdüyü bir məqsəd var: biz münaqişənin sülh yolu ilə həllini tapmaq istəyirik”.








