Soyuqlamış körpənin əhvalı pozulubsa, iştahı yoxdursa, temperaturu artıbsa, anaların təlaş etmədən uşağı diqqətdə saxlamaları məsləhətdir.
Belə hallarda uşağın əllərinin soyuq olması yox, alnın və büküşlərin istiliyinin artması nəzərdə saxlanılmalıdır. Burada körpənin ana südü ilə bəslənməsinin öz rolu var. Çünki ana südü ilə bəslənmiş uşağın orqanizminin bərpası və xəstəliklərə dözümlülüyü çox olur. Körpəyə maye içirib, ayağına sirkəli suda isladılmış corab geyindirmək, başını islatmadan bədənini ilıq suda cimdirmək, yaxud ilıq əski ilə qolaltı və qasıq büküşlərini silmək qızdırmanın düşməsinə kömək edər. Uşağın boğazı gəlibsə, bağırsaqlarını limon ya çobanyastığı dəmləməsi ilə klizma etmək də temperaturun aşağı düşməsinə kömək edəcək. Kürəyinə və sinəsinə yod çəkmək olar.
Ancaq bəzi analar bu vəziyyətlə rastlaşdıqda, özlərini itirirlər. Temperatur salan dərmanlardan istifadə edirlər. Bunlardan çox istifadə etmək məsləhət deyil.
Yeni doğulmuş körpələrdə isə temperatur 37,3-ü keçərsə, sadəcə paltarlarını nazikləşdirin və dərhal həkimə aparın. İlk 3 ay körpələrdə temperaturu mümkün olduğu qədər evdə salmağa çalışmayın. 3 ayından sonra 37,5-ə qədər müdaxilə etməyin, yuxarıda qeyd edilən bədən silmələrdən istifadə oluna bilər. Temperatur 38-i keçərsə, qızdırmasalıcı vermək məsləhətdir. Uşaq olan hər bir evdə qızdırmasalıcı - açılmamış sirop və şamlar, eləcə də elektron termometrin (civəli termometr qətiyyən istifadə etməyin) olması vacibdir. Ancaq dərmanın dozasını hər yaşa və kiloya uyğun həkim özü təyin etməlidir, doza düz teyin edilmədiyində temperatur düşməyə bilər. Uşaq tez sağalsın deyə, “smes” (analgin, dimedrol, novokain) qətiyyən vurmaq məsləhət deyil. Analginin tək dozada sümük iliyində aplaziya verdiyi sübuta yetirilib. Bu, çox təhlükəlidir. Bundan başqa qızdırmasalıcı kimi aspirin istifadə etməyin. Uşaqlarda virus infeksiyaları zamanı aspirinin istifadəsi çox ağır “reye sindromu” deyilən patoloji vəziyyətə gətirib çıxara bilər.
7News.Az








