RU
Uğursuz səfər: Lavrovun İrəvan şousu
21:21
847

Uğursuz səfər: Lavrovun İrəvan şousu

Rusiyanın baş diplomatı İrəvana yenə əliboş getdi...

Gözlənilənlərin əskinə olaraq Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni fikir bildirmədi. Əksinə səfər münaqişənin həllində Azərbaycanın haqq işini müdafiə edən Türkiyənin ittiham edilməsi ilə yadda qaldı. 

Rusiya XİN rəhbəri təkrarən vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi yalnız siyasi, diplomatik yolla həll oluna bilər: “Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hansı dövrün olduğunu anlayırıq. Gərginliyin azaldılması üçün biz, şəxsən prezident Vladimir Putin səylər göstərdi”.

Lavrovun sözlərinə görə, ATƏT-in vasitəçiliyi ilə qarşılıqlı inam yaratmaq, gərginliyin azaldılması və snayperlərin geri çəkilməsi üzrə razılaşmaları yekunlaşdırmaq lazımdır: “ Münaqişənin siyasi yolla həll olunmasına gəldikdə isə biz əlimizdən gələn hər şeyi etməyə hazırıq. Zorakılıq və insidentlərin baş verməməsi üçün mümkün olan hər şeyi etmək lazımdır”.



Qarabağ münaqişəsinə görə Lavrovun Türkiyəni ittiham etməsi ermənilərin ürəyincə oldu. Lavrov bildirib: “Türkiyənin Dağlıq Qarabağ üzrə bəyanatları münaqişənin nizamlanmasına yardım etmir, əksinə müharibəyə çağırışdır. Türkiyə rəhbərliyinin dilindən səslənən bu bəyanatlar qəbuledilməzdir. Çünki tərəflərə müharibə çağırışıdır. Bu, ATƏT-in Minsk qrupu həmsdərlərinin, beynəlxalq birliyin mövqeyinə kökündən ziddir”.

Rusiya XİN rəhbərinin İrəvan səfərindən böyük gözləntilər olsa da, müsbət nəticə hasil olmadı. Yenə əsas tezislər bunlar oldu: danışıqlar davam etməlidir, münaribə yolverilməzdir…

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, gözlənildiyi kimi Lavrovun İrəvana səfəri nəticəsiz alındı.

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvandan verdiyi açıqlamalar göstərir ki, Rusiyanın münaqişənin ədalətli həlliylə bağlı yeni planı və ya təklifləri yoxdur. Lavrovun İrəvana səfərindən çıxan başqa bir nəticə isə budur ki, Dağlıq Qarabağ ətrafındakı 5 rayonun ilkin şərt irəli sürmədən azad olunması məqsədilə Kremlin İrəvana təzyiq etmək fikri yoxdur. O deyir ki, münaqişənin həllində ATƏT fəallaşmalı, ATƏT-in sədri kimi Almaniya da ciddi səylər göstərməlidir. Almaniya fəallıq nümayiş etdirməlidirsə, onda Rusiyanın təkbaşına vasitəçiliyi nəyə lazımdır? Bu onu göstərir ki, yeni təklifləri yoxdur, yaxud köhnə təklifləri gündəmə gətirirlər”.



Politoloq daha sonra qeyd edib: “Lavrov İrəvanda deyib ki, Kazan prinsipini Ermənistan rədd etməyib. Lavrovun sözlərindən belə çıxır ki, Ermənistan rədd etməyibsə, danışıqların ikinci tərəfi – Azərbaycan rədd edib. Rusiya xarici işlər nazirinin Azərbaycan üçün daha bir ziyanlı fikri isə cəbhə bölgəsində insidentlərin araşdırılmasının lazımlığını qeyd etməsidir. Hesab edirəm ki, Rusiyaya bu lazımdırsa, Azərbaycana lazım deyil. Çünki, işğalçı Ermənistanın daima təzyiq altında saxlanılmasının yolu Azərbaycan ordusunun cəbhə bölgəsindəki üstünlüyündən keçir”.

E.Şahinoğlunun fikrincə, Lavrovun İrəvandan Türkiyəni hədələməsi siyasi məqsəd daşıyır: “Ankaranın açıqlamalarını təxribatçı adlandıran Lavrov heç şübhəsiz Ankaranın “biz Azərbaycanın ərazi bütövlüyünü və Bakının işğala son qoymaq siyasətini dəstəkləyirik” ifadəsini nəzərdə tutur. Daha öncə isə Rusiyanın baş naziri Dmitri Medvedyev də Türkiyəni nəzərdə tutaraq “cəbhə bölgəsindəki münaqişəni üçüncü qüvvə qızışdırıb” demişdi. Bu da ağ yalandır. Lavrov Türkiyəni belə fikirlərlə ittiham etməklə Azərbaycanın da əleyhinə çxmış olur. Doğrudur, Azərbaycan Rusiya ilə münasibətləri gərginləşdirməli, nə qədər mümkündürsə tərəfdaşlıq əlaqələrini davam etdirməlidir. Ancaq bu o demək deyil ki, rusiyalı rəsmilərin hər anti-türk açıqlamasına səbr nümayiş etdirməliyik”. 



Politoloqun fikrincə, Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi bəyanatla çıxış etməsinə ehtiyac var: “Bəlli səbəblərdən bu bəyanatda Rusiya xarici işlər nazirinin adı çəkilməsin, ancaq onun təxribatçı fikirlərinə etiraz olaraq heç olmazsa bu cümlə yer alsın: “Ankaranın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindəki mövqeyini Bakı təqdir edir”. Qoy, bu Lavrova Azərbaycanın bir mesajı olsun. Belə bir bəyanat olmasa, belə çıxacaq ki, biz rusiyalı rəsmilərin Dağlıq Qarabağla bağlı Türkiyənin aşağılamalarına etiraz etmirik. Əslində bu Rusiya və ya Türkiyənin məsələsinə deyil, tam bizim məsələdir”. 



Millət vəkili Asim Mollazadənin fikrincə, Lavrovun İrəvana səfəri təkrarən nümayiş etdirilən şounu xatırladır: “Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfərləri zamanı guya ermənilər Rusiyaya qarşı etirazlar edirlər. Bu səfər zamanı da belə hadisələrin şahidi olduq. Belə şouları dəfələrlə görmüşük. Əslində Rusiyanın Ermənistan üzərində elə bir təsir imkanları var ki, istəsə, münaqişəni tezliklə həll edə bilər. Lakin belə şoular təşkil etməklə beynəlxalq ictimaiyyətin diqqətini tamamilə başqa səmtə yönəldirlər. Lavrov bu şounun əsas iştirakçısıdır. O, səfərləri zamanı Ermənistan rəhbərliyinə dəstəyini ifadə edir”.

A.Mollazadə hesab edir ki, münaqişənin həlli ilə bağlı yeni bir təşəbbüs yoxdur: “Ermənistan və onun arxasındakı qüvvələr hər zaman yalan təbliğat-təşviqat kampaniyaları həyata keçirirlər. Rusiya bu münaqişənin varlığı ilə bölgədə hökmranlığını davam etdirmək istəyir. Eyni zamanda münaqişənin həlli ilə məşğul olduğu görüntüsünü yaratmaqla bölgənin hökmralığının onda olduğunu nümayiş etdirməyə çalışır”.

Lavrovun Qarabağa görə Türkiyəni ittiham etməsinə gəlincə, millət vəkili deyib: “Türkiyə də Azərbaycan kimi təcili sülh istəyir. Türkiyəyə münaqişənin həlli ilə bağlı sülh ona görə lazımdır ki, Azərbaycanla birgə çox mühüm, dünya üçün strateji əhəmiyyət daşıyan enerji layihələri həyata keçirir və bölgədə əmin amanlıq istəyir. Odur ki, Türkiyənin bölgədə hökmranlıq iddiaları yoxdur”. /azvision

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ