Uzunömürlü ailənin sirri: seks, qarşılıqlı hörmət və inam
İndi əvvəlki sevgi, qarşılıqlı xoş münasibət yoxdur. Siz də razılaşarsınız ki, son zamanlar bu cümləni eşitməyə az qalsın, adət etmişik. İstər kişilər, istərsə də qadınlar sevgili, partnyor və ya ər-arvad münasibətlərində bir-birinə güzəştə getmək istəmirlər. Cütlüklər ailə qururlar, bir-birinə "can” deyib, "can” eşitdikləri günləri çox tez arxada qoyurlar. Və... ərlə-arvad arasında ailədə kimin dominantlıq etmək uğrunda mübarizəsi başlayır. 7News.az xəbər verir ki, əslində, gözəl ailə, xoşbəxt birlikdəlik, heç də intriqa, dığ-dığ və ya "evdə kimin sözü keçir” birinciliyi üzərində qurulmamalıdır. Bir çoxları iddia edir ki, münasibətlərdə əsas olan sevgidir. Düzdür, bu amil də çox vacibdir. Amma cütlüklər hələ evliliyə qədər bir-birini tanımalıdır. Bir-birinə müxtəlif situasiyalarda anlayış göstərib, hörmət etməlidir. Bu, gələcəkdə möhkəm, etibarlı, mehriban ailə qurmaq üçün çox vacibdir. Yəni sağlam, möhkəm münasibətlər üç əsas amil üzərində qurulur – hörmət, inam və seks. Bütün bunlar olandan sonra isə bəzi yaxşı əməllərinizi münasibətlərinizdə adət halına çevirin. Çünki adət xarakteri formalaşdırır, xarakter də həyatı. Əgər oğullu-uşaqlı xoşbəxt ailə qurmaq istəyirsinizsə, sizə təqdim edəcəyimiz 7 xarakteri özünüzdə adət halına çevirin.
Onu tərifləyin
Rəfiqələriniz ərlərinin mətbəxə yanlız qarnını doyurmaq üçün girdiyini deyirlər. Onların ərləri hətta səhər işə gedərkən, özləri üçün bir stəkan çay da dəmləyib, içmirlər. Bunun üçün səhərin alatoranında arvadlarını şirin yuxudan oyadırlar. Siz isə durmusunuz burada nağıl danışırsınız, deyirsiniz ki, bəs, həyat yoldaşım "doktor” kolbasasını mayonezin içində qarışdırıb. İki inqredientin qarışığından olan bir şeyə "Olivye” adı qoyub. Nə olsun? Axı, nəyə görə, siz ərinizə ciddi-cəhdlə bu salatın heç də "Olivye” olmadığını sübut etməyə çalışırsınız? Bəlkə, bir az da irəli gedəsiniz, ərinizə əslində, "Olivye” salatının XIX əsrin sonunda Moskvada Lüsyen Olivye tərəfindən hazırlandığını da deyəsiniz. Olmazmı ki, bütün bu iradların əvəzinə, ona hazırladığı "salat”a görə "Nə gözəl?!”, "Bu, indiyə qədər fransız mətbəxinin dadına baxdığım ən yaxşı yeməyidir” deyəsiniz. Narahat olmayın. Onsuz da həyat yoldaşınız hər gün "Olivye” salatı hazırlayan deyil. Əslində, o özü də bilir ki, düzəltdiyi salat o qədər də yaxşı alınmayıb. Amma o, göstərdiyin xoş reaksiyaya görə sənə minnətdar olacaq.
Dəyərli olduğunu daim hiss etdirin
Məlum məsələdir ki, insanın əvhal-ruhiyyəsi hər zaman yaxşı ola bilməz. Ola bilər ki, qanınız qara olsun. İşdən evə gəlib, həyat yoldaşınıza deyə bilərsiniz ki, hər şey çox pisdir. Bundan daha pis ola bilməz. Amma mənim xilaskarım sənsən. Sən bu həyatda mənim yeganə xoşbəxtlik mənbəyimsən. Elə edin ki, o, bir an da olsa belə həyatını, xoşbəxtliyinizi sizsiz təsəvür edə bilməsin. Bütün münasibətlərin kökündə sadə bir ideya var – siz birlikdə xoşbəxtsiniz, ayrı-ayrılıqda isə yox.
Xırda səhvlərini üzünə vurmayın
"WhatsApp”da yazarkən ərim "vergül” və "nöqtə”ni qoymur, şəkilçiləri biri-birindən ayırmır. Yaxud da arvadım "yemək” əvəzinə "yeməy” deyir. Nə olsun? Axı, həyat yoldaşınız şair və ya yazıçı deyil ki mesajları qüsursuz yazsın, danışığı da ədəbi dildə olsun. Müasir insanın gözü elə bil ki, ancaq çatışmazlıqları görmək üçün yaranıb. Biz düşünürük ki, partnyorumuzun xırda səhvlərini üzünə vurmaqla ona düzəlməyə yardımçı oluruq. Amma belə deyil. Əksinə, zamanla sevdiyiniz şəxs sizdən soyuyur, özünü yanınızda rahat və sərbəst hiss etmir, natamamlıq kompleksi yaşayır. Hətta sonra sizə qarşı radikallaşır da.
Onu tez-tez qucaqlayın
Münasibətlərin əvvəlində olan ehtiras, çılğın öpüşlər sonradan sakit məcraya keçir. Bir çoxları adi qucaqlamağı belə unudurlar. Unutmayın ki, sadə hesab etdiyimiz qucaqlaşmanın bir mənası var – mən səni sevirəm! "Yatağa uzandı, amma məni heç qucaqlamadı”, "İşdən gəldi, amma məni heç öpmədi də” - bütün bunlar zəhərli və dağıdıcı fikirlərdir. Bu fikirləri qaçırmağın yeganə yolu var. Sən özün onu qucaqla və öp, bunu qarşı tərəfdən gözləmə, məhəbbətini, sevgini, ehtirasını ona göstərməkdən çəkinmə.
Sakit və mülayim səslə danışın
Özümüz də bilirik ki, münasibətləri, hər hansı bir anlaşılmazlığı aydınlaşdıran zaman qışqır-bağır salmaq yaxşı deyil. Bu əslində, odun üzərinə yağ tökmək kimi bir şeydir. Əgər kimsə özünə qışqırmağı rəva bilirsə, qarşı tərəfin sərt reaksiyasından sığortalanmayıb. Siz ərinizə qışqırırsınız, nəticədə qarşı tərəfin fiziki aqressiyası ilə üzləşirsiniz. Belə etməyin. Emosional cəhətdən yetişməmiş insanlar üçün bir yaxşı üsul var. İlk baxışdan bu axmaq görünsə də, inanın ki, kömək edir. Qışqırmaq həddinə çatmısınızsa, şeir söyləyin. Bu cümlələri bəlkə də oxuyub, müəllifə gülürsünüz, amma psixoloqlar əminliklə iddia edirlər ki, bu üsul yardım edir.
Qarşısında tələblər qoymayın
Siz çox səbrli və hər şeylə razılaşansınız. Amma bəzən sonu bitib-tükənməyən xahiş və əmrlərdən səbir kasanız dolub. Artıq elə bir an gəlib ki, sizin üzünüz çönüb, inad edirsiniz. Amma belə olmaq lazım deyil. Ailəni diktatorun hökm sürdüyü ölkəyə çevirmək yox, xahiş və tələbin az olmasına çalışmaq lazımdır.
Ortaq dostlarınız olsun
Artıq ikinci ildir ki, siz hansısa bayramı yaxınlarınız və qohumlarınız olmadan ikiniz qeyd edirsiniz? Bu, artıq ailəniz üçün həyəcan təbildir. Ərinizin və ya arvadınızın qohumları ilə xoş münasibət yaratmağa çalışın. Xoş atmosfer sizin ailə bağlarınızın daha da möhkəmlənməsinə, hətta yenilənməsinə səbəb olacaq. Yoxsa bu gedişlə münasibətləriniz məhv ola bilər. Axı, bunun nəyi pisdir? Təsəvvür edin, həftəsonu səni rəfiqələrin kafedə gözləyir. Onlarla görüşürsünüz, deyirsiniz-gülürsünüz. Ərinizi isə dostları çayxanada gözləyir. Onlar da kişi söhbətləri edirlər, pivə içirlər, qəlyan çəkib, nərd oynayırlar. Arada bir-birinizdən uzaq durmağınızda da fayda var. Belədə bir-biriniz üçün darıxmağa vaxtınız da olar. Olar ki görüşəndə ona "darıxmışdım, mən səni çox sevirəm” - deyə biləsiniz. Bundan da əlavə, həm də yaxşı cütlüyün digər insanlarla qarşılıqlı münasibətini düzgün qurmasıdır. Çalışın ətrafdakılarla cütlük olaraq dostluq edin və bu zaman özünüzü şəxsiyyət kimi də yaddan çıxarmayın.//big