Ötən gün Masallıda sünnət olunmağa hazırlaşan azyaşlı Kənan Hüseynov qəfil dünyasını dəyişib. Hadisənin detalları haqda mediaya bəlli olan nüanslardan biri budur ki, həkim uşağı sünnət etmək üçün evə dəvət edilib. Uşağın yaxınlarının sözlərinə görə, həkim azyaşlının ağladığını, narahat olduğunu görərək ona 2 iynə vurub. Ardınca uşağın yaxınlarının otaqdan çıxmasını tələb edib. Azyaşlının doğmaları deyirlər ki, sünnət olunmazdan qabaq həkim sakit olmasından ötrü uşağa hədə- qorxu gəlirmiş. Qəfildən halı pisləşən Kənan Hüseynov sünnət olunmamış həkimin gözü qarşısında dünyasını dəyişib. Azyaşlının meyiti müayinə oluması üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon bölməsinə aparılıb. Hazırda ölümün dəqiq səbəbləri araşdırılır. 
Mütəxəssislər hsab edir ki, valideynlərin bilgisizliyi, o cümlədən həkimlərin naşı olması bəzən bu cür arzuolunmz hadisələrin yaşanmasına səbəb ola bilər. Bu cür hadisələr demək olar ki, bir neçə ildən bir təkrarlanır. Ən yüngül halda uşaq axtalanır, şikəst olur. 2013-cü ildə qeyri-peşəkar həkimə tapşırılan əməliyyat nəticəsində azyaşlı axtalanmışdı. Oğlan uşaqlarını qorumaq üçün nə etmək lazımdır, sünnətdən öncə və sonra hansı biliklər aşılanmalıdır? Ümumiyyətlə uşaqlar neçə yaşında sünnət olunmalıdır?
Cebhe.info əməkdaşı sünnət üzrə ixtisaslaşmış cərrah, tibb elmləri namizədi Rauf Rzayevlə söhbətləşib. R.Rzayev Cebhe.info-ya açıqlamasında bildirib ki, sünnət olunmaq üçün ən məsləhətli hədd 1 yaşadəkdir. Çünki bu dövrdə uşaq ətraf aləmi daha çox dərk edə bilmir, yaranan həyəcan isə müvəqqəti olur. Uşağın psixologiyasında hər hansı fəsad yaratmır:
"Uşaq bu müddətdə sünnət prosesini daha rahat adlaya bilir. Psixoloji olaraq onu dərk edə bilmir. Uşaq özünü dərk edirsə, onu öncədən sünnət proseduruna hazırlamaq lazımdır. Uşağa başa salmaq lazımdır ki, bu, qeyri-adi bir şey deyil. Belə də olmalıdır, normaldır”.
Azərbaycanda validyen-uşaq münasibətlərində formalaşan qəribəliklərdən biri də ata-anaların övladlarını hədələməsidir. Övladlarını hədələmək, onu yeməyə, yaxud da yatmağa məcbur etmək üçün bəzən qorxulu nağıllar uydurulur. Əksər hallarda bu cür qorxulu nağılların qəhrəmanı həkimlər, silahı isə iynələr olur. Məhz bu səbəbdən uşaq ağ xalatlılardan, iynədən qorxur. Bu isə uşaqda böyük stressə səbəb olur. Uşağın qorxusu artıq o həddə çatır ki, o, ən çox sevdiyi bir şeydən iynə, həkim qorxusuna görə imtina etmək məcburiyyətində qalır.
Həmsöhbətimiz Rauf Rzayev bu qənaətdədir:
"Yəni, valideyn körpə ikən övladını iynə-dərmanla tanış etməlidir. Amma bizdə əksinədir, valideynlər uşağı iynə-dərmanla qorxudur. Ana, yaxud ata deyir ki, yemək yeməsən sənə iynə vuracağıq, yaxud da həkim çağıracağıq. Həkimə, iynəyə qarşı qorxu yaradıldığı üçün ağ xalat görən kimi uşaq ağlayır. Müsəlmanlardan fərqli olaraq xristianlar arasında uşağı həkim, iynə ilə qorxutmurlar”.
Eskpertin sözlərinə görə, 1 yaşadək sünnət olunmazsa 5 yaşdan sonra, 7-9 yaş aralığında uşaqları sünnət etmək olar:
"Bu yaş müddətində uşaqda travma formalaşarsa, bu, onun gələcəyinə, cinsi fəaliyyətinə belə təsirsiz ötüşməyəcək. Belə uşaqlar zaman keçdikcə daha aqressiv ola bilərlər. 3-4 yaşında qorxan uşaq 20-25 yaşında bir manyaka da çevrilə bilər”.
Psixoloq Elnur Rüstəmov da Cebhe.info-ya açıqlamasında məsləhətlərini verib:
"İnsanların həssaslığı, psixoloji problemlər, ailədaxili konfliktlər artıb. Eyni zamanda təbabət də inkişaf edib. Bu gün dünyada belə bir tendensiya yaranıb, bütün dərman preparatlarının siropları istehsal edilib. Bu gün uşaqlar iynədən qaçırlar. Onlarda psixo-travma yarandığı üçün bu amil müşahidə edilir. Öncələr uşaqları keyitmək üçün iynə vururdular, indi isə sirop verirlər. Tövsiyə olunur ki, sünnət uşaq yaşda ikən edilsin”.
Psixoloq bildirir ki, öncəki illərlə müqayisədə vəziyyət dəyişib. Əvvəl valideynlər övladlarını 15-16 yaşda sünnət edirdilər:
"Əvvəlki illərdə bərbərlər də sünnət edirdilər. Yaxşı olar ki, bu işi peşəkara tapşırsınlar”.
Travmanın yaranmaması, bu prosesin daha rahat adladılması üçün valideyn-övlad dialoqunun olması vacibdir:
"Bəzən uşaqlar özünü dərk edən yaşda sünnət olunarkən kənar mühitin onu ələ saldığını düşünürlər. Sünnətdən öncə uşağı bu prosesə hazırlamaq ən əsas məsələlərdən biridir. O bilməlidir ki, bir müddət ağrayacaq, yatılı vəziyyətdə qalacaq. Valideyn uşaq üçün elə bir şərait yaratmalıdır ki, o utanmasın, heç nədən çəkinməsin, özünü incidilmiş hiss etməsin. Uşağın heç bir narahatlığı, fobiya və təşvişi yoxsa, valideyn asanlqıla övladını sünnətə hazırlaya bilər”.
Artıq bir çox xristian ölkələrində də sünnət olunur. Azərbaycandan bir çox valideynlər övladlarını 6 aydan tez sünnət etməkdən qorxurlar. Belə bir fikir formalaşıb ki, 6 aydan tez sünnət olunarsa, bu, uşağın gələcək cinsi fəaliyyətinə mənfi təsir edir. Dünyaca məşhur olan tibbi ekspertlər isə bu fikrin yanlış olduğunu sübut edirlər. Onlar körpənin dünyaya gəldiyi ilk həftədəcə sünnət olunmasını tövsiyə edir. Bu müddətdə uşaq daha gümrah, passiv və dərrakəsiz olur. Qeyd edək ki, bu gün ABŞ kimi inkişaf etmiş ölkədə oğlan uşaqlarının 58 faizi sünnət olunur
7News.az







