Məlum olduğu kimi, yeni tədris ilinin başlamasına iki həftədən az vaxt qalır. Artıq valideynlər məktəbli geyimlərini əldə etmək üçün Bakı Tikiş Evinin mağazalarına üz tuturlar.
7NEWS.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Müəssisə bir müddət öncə yuxarı sinif şagirdləri üçün geyimləri hələ hazır edə bilməyəcəyini açıqlasa da, BTE-nin qarşısında çəkilmiş görüntülərdən də aydın olur ki, yeni formaları almaq üçün hələ də böyük izdiham yaşanır. Belə görünür ki, valideynlərin çoxu şagirdlər üçün yeni məktəbli formalarının bu tədris ilindən məcburi olub-olmamasından xəbərsizdirlər.
Məsələ ilə bağlı Bakı Tikiş Evindən 7NEWS.az-a bildiriblər ki, məktəbli formalarının istehsalına könüllü şəkildə başlayıblar: "Bakı Tikiş Evi olaraq müştərilərimizə bildirmək istəyirik ki, Bakı Tikiş Evi məktəbli formalarının istehsalına könüllü şəkildə başlamış və heç bir qurum bizə bu məsələni həvalə etməmişdir. Məktəblilərin hansı rəng formanı hansı sayda istifadə edəcəyini müəyyənləşdirmək, statitistik göstəricilər olmadığı üçün tələbatı təxmin etməkdə bizə çətinliklər yaratmışdır. Eyni zamanda, yeni məktəbli formaları ilə bağlı sualların gec cavab tapması davamında logistika krizləri və istifadə olunacaq xüsusi xammalın istehsal müddətinin uzun olması da yaranmış problemin səbəblərindəndir. Bu il yuxarı siniflərin yeni forma geyinmək məcburiyyəti olmadığı üçün şitkətimiz böyük ölçülü geyimlərin istehsalına önümüzdəki ildə başlamağı planlaşdırır. Əlavə olaraq qeyd edək ki, özəl müəssisə olaraq bizim keyfiyyətli məhsullarımıza olan təlabatı il boyu ödəməyə davam edəcəyik."
7NEWS.az








