"Turizmin təbliğində mühüm əhəmiyyətə malik olan elektron resurslarda Naxçıvan Muxtar Respublikasının görməli yerləri, tarixi abidələri, müasir turizm və sosial-mədəni infrastrukturu barədə təbliğat işi düzgün qurulmayıb".
7news.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Naxçıvan Muxtar Respublika Ali Məclisində Naxçıvanda turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bildirib.
V. Talıbov deyib ki, turizm potensialının zəngin olmasına və bununla bağlı zəruri infrastrukturun mövcudluğuna baxmayaraq, muxtar respublika əlverişli turizm məkanı kimi lazımi səviyyədə tanıdılmır. Ali Məclis sədri qeyd edib ki, Naxçıvan Mədəniyyət və Turizm Nazirliyi Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların internetdə yerləşdirilməsini və bu məlumatların daim yenilənməsini təmin etməli, dövlət təşkilatlarının internet səhifələrində Naxçıvanın turizm potensialı ilə bağlı bölmələr yaradılmalıdır: "Turizm imkanlarının təbliğində gənclər təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür. Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyasının Heydər Əliyev adına Gənclər Birliyi və Təhsil Nazirliyi bu məqsədlə proqram hazırlamalı, müxtəlif layihələr həyata keçirməli, gənclərin sosial şəbəkələrdə muxtar respublikanın turizm potensialının təbliğində fəallığını artırmalıdırlar. Muxtar respublikada müalicə-sağlamlıq turizminin də inkişafı diqqətdə saxlanmalıdır. Səhiyyə Nazirliyi Duzdağ Fizioterapiya Mərkəzi və "Darıdağ" Arsenli Su Müalicəxanasının imkanları ilə bağlı elektron resursların hazırlanmasını və internetdə yerləşdirilməsini təmin etməlidir. İqtisadiyyat Nazirliyi Azərbaycanı, eləcə də Naxçıvanı tanıdan suvenirlərin, hədiyyəlik xatirə əşyalarının hazırlanması və satışını diqqətdə saxlamalı, ölkəmizdə və xaricdə təşkil olunan müxtəlif sərgilərdə Naxçıvanın turizm potensialı nümayiş etdirilməlidir. Turistin bir şəhər və yaxud bölgə ilə tanışlığı çox vaxt nəqliyyat vasitələri ilə səyahətdən başlanır. Sürücülərin davranışları, verdikləri məlumatlar turistlər üçün ilk təəssürat qaynaqlarıdır. Sürücülərin də yaşadıqları ərazinin tarixi, məişəti, təbiəti, mədəni ünvanları ilə bağlı ümumi biliklərə malik olması nəzərə alınaraq Mədəniyyət və Turizm Nazirliyi Nəqliyyat Nazirliyi ilə birgə taksi xidməti ilə məşğul olanlar üçün muzeylərdə seminar-məlumatlandırma işini təşkil etməlidir".
V. Talıbov daxili turizm də diqqətdə saxlanılmasını, Şahbuz rayonundakı Ağbulaq İstirahət Mərkəzinin imkanlarından düzgün istifadə edilməsini zəruri sayıb: "Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Yeni Azərbaycan Partiyasının Heydər Əliyev adına Gənclər Birliyi hər həftə sonu məktəblilərin, aztəminatlı ailələrin uşaqlarının, sağlamlıq imkanları məhdud uşaqların Ağbulaq İstirahət Mərkəzində istirahətlərini təşkil etməlidir".
7news.Az








