Amerikanın "Vaşinqton Post” qəzeti ərəbistanlı həmkarı Camal Qaşıqçının müəmmalı qətli ilə bağlı Konqresə çağırış göndərib.
7News.Az xəbər verir ki, qəzet cinayətlə bağlı "Bu ana qədər Donald Tramp hökuməti Səudiyyə Ərəbistanının Camal Qaşıqçı cinayətini ört-basdır etməsinə dəstək verdi. Konqres də bu prosesə daxil olacaqmı?” başlıqlı məqalə dərc edib.
Məqalədə ABŞ prezidenti Donald Trampın cinayətlə bağlı "bu mövzuda güclü bir mövqe yaradıram” sözləri xatırlanıb. Qəzet bildirib ki, Trampın bu sözlərinə ümid etmək istəyirlər. Çünki hökumətin bu ana qədər hadisəyə reaksiyası cinayətin ehtimal edilən səbəbkarı Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın adına ləkə gətirilməməsi cəhdi olub.
"ABŞ özünü Səudiyyə Ərəbistanının apardığı istintaqın nəticələrini gözləyirmiş kimi aparır. Bu mövqedəki əsas problem belədir: Tramp hökuməti Qaşıqçı cinayətinin Məhəmməd ibn Salmanın başının altından çıxmadığını ehtimal edir. Ancaq ortada vəliəhd şahzadəni işarə verən bir çox dəlil var. Əslində hökumətin də çox yaxşı bildiyi kimi, ortada istintaq filan yoxdur. Sadəcə özünü uğursuz şəkildə istintaq obrazına bükən bir ört-basdır əməliyyatı var”.
"Vaşinqton Post” Trampın bu həftə hərəkətə keçəcəyi təqdirində, Konqresdən mövzunu müzakirəyə çıxarmasını tələb edib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Gina Haspel kəşfiyyat təşkilatlarının cinayət haqqında nələr bildiyinə dair ifadə verməsi üçün Konqresə çağırılması tələbi də məqalədə yer alıb.
Qeyd edək ki, jurnalist Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbulda yerləşən baş konsulluğunda müəmmalı şəkildə qətlə yetirilib.
7News.Az








