Su üzərindəki məşhur şəhərə (Venesiya- İtaliya) baxmaq üçün hər gün minlərlə insan gəlir. Lakin turistlər bu günlərdə məyus olublar. Belə ki, Venesiyada suyun səviyyəsi enib, kanallardakı qandolalar və katerlər pis qoxulu lilə ilişib.

Artıq ardıcıl olaraq ikinci ildir ki, Venesiyada suyun səviyyəsi rekord həddə aşağı düşür. Şəhərin ən mənzərəli yerlərindən olan kanalları susuz qalıb. Turistlər qarşısında acınacaqlı mənzərə yaranıb.

Buna səbəb cari il şimal-şərqi İtaliyada yağıntı miqdarının kəskin aşağı düşməsi ilə bərabər anomal qabarma və çəkilmələrin müşahidə edilməsidir.

Çəkilmə nəticəsində yalnız kanallar qurumayıb, eyni zamanda dəhşətli mənzərə açılıb. Suya atılan zibillər uzun illərdir ki, təmizlik aparılmadığından indi görünür. Bundan əlavə yığılan lil katerlər üçün problem yaradır. Yosunlar tez-tez katerlərin vintlərinə dolaşır.

Kanalların susuz qalması Venesiyada böyük faciəyə səbəb ola bilər. Belə ki, köhnə binaların təməlini təşkil edən və çılpaq qalan kərpic örtüyü dağıla bilər. Şəhərdə kanalizasiya ilə bağlı problemlər də mövcuddur. Əvvəllər insanların kanalizasiya mənbəyi olaraq su çıxış edirdisə, hazırda böyük binalarda çirkab suların təmizlənməsi sistemi quraşdırılıb. Lakin istənilən halda müəyyən miqdarda olsa belə çirkab suların axıdılması nəticəsində şəhərdə xoşagəlməz qoxu hökm sürür.

Qabarma və çəkilmə problemləri qoruyucu qapı vasitəsilə həllini tapmalıdır. Mobil qapılar yağış sularının körfəzə hərəkətinin qarşısını almalıdır. Lakin layihənin icrası üçün böyük vəsait tələb olunur.








