Baş Prokurorluqdan AKTUAL TV-yə verilən məlumata görə, araşdırma zamanı
Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ
vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyev və Cahid Tahirovun
qabaqcadan əlbir olaraq vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində
vergi yoxlamalarının keçirilməməsi müqabilində 6000 manat məbləğində pul
tələb etdiyi müəyyən olunub.
Xüsusi texniki vasitələrdən istifadə edilməklə aparılmış təxirəsalınmaz
istintaq-əməliyyat tədbirləri nəticəsində hər iki vəzifəli şəxs həmin məbləğin
bir qismini 04 may 2020-ci il tarixdə rüşvət kimi alarkən cinayət başında
yaxalanıblar.
Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsində Cinayət Məcəlləsinin 311.3-cü (rüşvət alma) maddəsi ilə
cinayət işi başlanıb.
Həmin cinayət əməlinin A.Allahverdiyev və C.Tahirov tərəfindən törədilməsinə
şübhələr üçün əsaslar müəyyən edildiyindən onlar şübhəli şəxs qismində
tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması üçün
zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.








