Martın 3-də Laçın və Cəbrayıl rayon icra hakimiyyətlərinin başçıları Prezident İlham Əliyevin Sərəncamı ilə tutduqları vəzifədən azad ediliblər.
Mövcud kadr dəyişikliyinin əsas səbəbini AZƏRTAC-a və APA-ya şərh edən Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son müşavirədə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında mühüm tələblər qoyub və qeyd edib ki, onlar insanlara xidmət göstərməli, əhalinin problemlərini həll etməli, qayğıları ilə yaşamalıdırlar, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalı, xalqla birlikdə olmalıdırlar və məhz bu amillərə görə onların fəaliyyətlərinə qiymət veriləcəkdir.
Əhalidən gələn şikayətlər, aparılan təhlillər göstərib ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qeyd edilənlərdən nəticə çıxarmayıblar. Buna görə də Laçın və Cəbrayıl rayonlarının icra hakimiyyəti başçıları da məhz elə o səbəbdən Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə tutduqları vəzifələrindən azad ediliblər. Onlar öz fəaliyyətlərini Azərbaycan Prezidentinin qarşımıza qoyduğu tələblər səviyyəsində qura bilməyib, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərib, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirib, təvazökarlıqdan uzaq hərəkətlərə yol veriblər. Zeynal Nağdəliyev vurğulayıb ki, bu gün vəzifədən azad edilən icra başçıları amiranəlik, təkəbbürlük, qərəzçilik, tənqidə qarşı dözümsüzlük nümayiş etdiriblər və nəticədə rayonun problemlərindən uzaq düşüb, sakinlərin haqlı tələblərinə məhəl qoymayıb, əhali arasında nüfuzlarını itiriblər.
Zeynal Nağdəliyevin fikrinə görə, adları qeyd olunan sabiq icra hakimiyyəti başçıları Azərbaycan Prezidentinin etimadını doğrulda bilməyiblər, daha dəqiq desək, etibarını itiriblər.
Qeyd edək ki, Prezident İlham Əliyev “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın ikinci ilinin yekunlarına həsr olunmuş toplantıda vurğulayıb ki, ölkədə heç kəs toxunulmaz deyil, əgər bəzi yüksək vəzifəli şəxslər qanunu pozurlarsa, öz vəzifə borclarını yerinə yetirə bilmirlərsə, onlar mütləq cəzalandırılacaqlar.
7news.Az








