ATV prezidenti kimi "siyasi əqidəsizliyi özünə həyat tərzi” seçən və "bir budaqdan digərinə tullanan” adlandırdı?
"Xoşqədəm Hidayətqızı mətbuatda ATV-ni ittiham edən böhtanlarlarla çıxış etdikdə kanal rəhbərliyi "Səni axtarıram”ın bağlanmasının əsl səbəbləri ilə bağlı materialları müvafiq dövlət qurumlarına və həmçinin konkret yetkili şəxslərə təqdim edib. Qeyd edək ki, həmin materialların içərisində hazırda yayılan kadrarxası görüntülər də olub”.
Bu cümlə ATV kanalının bu gün yaydığı bəyanatdandır. Kanal rəhbərliyinin Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Səni axtarıram” verilişi ilə bağlı qalmaqallı videoya rəsmi münasibətindəki bu əks-hücum cümləsi dərhal məlumatlı oxucunun diqqətini çəkir.
Görəsən, ATV-nin və ya Vüqar Qaradağlının özünümüdafiə bəyanatındakı bu həşəmətli cümlə konkret kimi və ya kimləri hədəfə çıxarmaq məqsədi güdür?
Əvvəla, V.Qaradağlı bu cümlə ilə onu bəyan edir ki, məlum "sroy” videomaterial təkcə onlarda – ATV-nin arxivində olmayıb və başqa şəxslərdə və qurumlarda da olub. Yəni bu sızıntının yeganə mənbəyi onlar deyil; şübhəli şəxs axtarışları başqa yerlərə də yönəlməlidir.
Bəs hara?
İlk baxışdan iddia etmək olar ki, bəyanatın bu cümləsində nəzərdə tutulan "qurumlar” və "həmçinin konkret yetkili şəxslər” Milli Televiziya və Radio Şurası və onun rəhbərliyidir.
Niyə?
Çünki ATV-də və digər kanallarda yayımlanan verilişlərin ssenarisinə və orada baş verənlərə birbaşa MTRŞ məsuliyyət daşıyırdı. Həmçinin, həm ATV-də, həm ANS-də, həm də digər kanallarda həmin dövrdə bir sıra verilişlər məhz MTRŞ-nin diktəsi və tənqidləri ilə bağlanmışdı. Belə olduqda ATV rəhbərliyinin Nuşirəvan Məhərrəmli ilə belə açıq qovğaya girməsinin arxasında isə başqa məqamlar axtarmaq əbəs deyil. Çünki bu "kölgədəki savaş”ın arxasında Vüqar Qaradağlını və onun ad çəkmədən ittiham etdiyi şəxs və qurumları himayə edən rəsmi şəxsləri görmək üçün xüsusi "eynəyə” ehtiyac yoxdur.
Bəyanatın ardına diqqət yetirdikdə pərdə bir az daha aralanır: "Adı çəkilən verilişin yayımının dayandırılma səbəbi məhz müəyyən müəmmalı məqamların ATV rəhbərliyi tərəfindən dəfələrlə hiss edilməsi olub. Bu qüsurlarla bağlı verilişin aparıcısına və yaradıcı heyətə dəfələrlə xəbərdarlıq edilib. Bütün bunlara baxmayaraq, yaradıcılıq prosesindəki nöqsanların getdikcə çoxaldığı, həmçinin konkret saxtakarlıqların olduğu dəqiqləşdirildikdən sonra verilişin yayımının dayandırılmasına qərar verilib. Daha sonra verilişin hazırlanmasında iştirak edən bütün heyət kanaldan xaric edilib”.
Qısası, Vüqar Qaradağlı onu və ATV-ni bu "səhnəcikləri” quraşdırmaqda ittiham edənlərə cavab verir: Xəbər tutan kimi verilişi dayandırmışam və hamınıza (rəsmi şəxslərə və qurumlara) bu barədə faktları (hazırda yayılan kadrarxası görüntüləri də) təqdim etmişəm.
Bəyanatın ardında isə bu video-görüntülərin əslində, niyə yayıldığını ehtiva etməyə çalışırlar: "Tamaşaçının aldadılması üzərində qurulan bu verilişin yayımlanmasında maraqlı olmayan ATV kanalı, sözügedən verilişin ən reytinqli vaxtında verilişin yayımını radikal qərarlarla dayandırdı və daha sonra da bərpa etmədi. Bununla da ictimaiyyətin aldadılması üzərində qurulan layihələri yayımlamaqla reytinq qazanmaqda maraqlı olmadığını ortaya qoydu. Əks halda adıçəkilən veriliş hazırda ATV kanalında yayımını davam etdirərdi”.
Hədəf gizlin deyil. ATV rəhbərliyi "tamaşaçının aldadılması üzərində qurulan bu verilişin” yayımını dayandırdığı bəyan edir, bu veriliş isə başqa adla bir neçə ay sonra yeni bir kanalda yayımına qaldığı yerdən davam edir. Mesaj budur: Biz bağladıq, siz isə davam edirsiniz.
Vüqar Qaradağlının şəxsi diktəsi və nəzarətindən keçmiş bəyanatın son cümələrində ittihamlar bir az da sərtləşir: "ATV kanalının hər zaman bir siması olub. Heç bir siyasi intriqalarda iştirak etməyib. Ən əsası isə bəziləri kimi siyasi əqidəsizliyi özünə həyat tərzi seçməyib. Heç vaxt bir budaqdan digərinə tullanmayıb. Və bundan sonra da öz dəyərlərinə sadiq qalmaqda qərarlıdır. İstənilən provakasiya və sabotajlara baxmayaraq”.
Əsas sual isə budur: Kimdir bu "siyasi əqidəsizliyi özünə həyat tərzi” seçən və "bir budaqdan digərinə tullanan” şəxs və ya şəxslər?
Əslində, bu bəyanat həm də onu izah edir ki, məlum görüntüləri yayılmasında məhz ATV və onun rəhbərliyi maraqlı ola bilər. Çünki özünümüdafiə bəyanatlarında başqalarına hücum etdikləri arqumentləri, qisasçılıq, kin-küdurətin aydın şəkildə ifadəsi bu mənanı verir.../bakipost
7News.Az








