RU
“WhatsApp”dakı əxlaqsız yazışmaya görə kirayəşini bıçaqlayan şəxsə hökm oxundu
13:17
530

“WhatsApp”dakı əxlaqsız yazışmaya görə kirayəşini bıçaqlayan şəxsə hökm oxundu

“Sürəyya çox səviyyəsiz və əxlaqsız qadındır”.

Bakı Ağır Cinayətlər Məhkəməsində Qubadlı rayon sakini Sahib Məmmədovun (1989-cu il təv.) CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu il iyulun 7-nə keçən gecə Binəqədi qəsəbəsi, 1-ci mədən 47-ci korpus 268 ünvanında yerləşən evdə bıçaqlanma hadisəsi baş verib.

Belə ki, Sahib Məmmədov evlərinin həyətində kirayədə yaşayan İlkin Heydərovun, həyat yoldaşı Sürəyya və özünün barəsində Rəhmanlı Rəqsanə ilə “WhatsApp” şəbəkəsində nalayiq sözlər işlətməsini bilib, ondan üzr istəməsini tələb edib.

Heydərov buna etiraz etdiyinə görə, aralarında mübahisə yaranıb və Sahib məişət təyinatlı mətbəx bıçağı ilə İlkini qəsdən vuraraq, sonuncunun sağlamlığına ağır dərəcəli bədən xəsarətləri yetirib. Bir qədər sonra yaralanan şəxs 6 saylı şəhər xəstəxanasına çatdırılıb və həyatı xilas edilib. Sahib Məmmədov könüllü Binəqədi RPİ-nin 4-cü polis bölməsinə gedib, törətdiyi cinayət əməlini etiraf edib.

Məhkəmə prosesində Sahib Məmmədov ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, İlkin Heydərov anası Tahirə Məmmədovaya məxsus evdə kirayədə yaşayıb. Onun İlkinlə münasibətləri yaxşı olub. İyulun 6-da o, evlərin otaqlarının birində rəngləmə işləri ilə məşğul olub, həmin otaqla İlkinin qaldığı otağın arasındakı məsafə təxminən 3-4 metr olub, sonuncunun qaldığı otağın qapısı açıq olduğundan, onun yatdığını görüb.

Bir az sonra İlkinin mobil telefonuna zəng gəldikdə o, gedib onun telefonunun ekranına baxıb və görüb ki, zəng edən iş yoldaşıdır. Buna görə Heydərovu əli ilə silkələyərək, oyadıb, iş yoldaşının ona zəng etdiyini bildirib, İlkin isə yarıyuxulu vəziyyətdə telefonunu açıb cavab verməsini xahiş edib. Sonra Sahib İlkinin telefonunda olan bir fotoşəkli öz telefonuna göndərmək üçün ondan icazə alıb, lakin səhv edərək həmin şəkli öz telefonunun əvəzinə bir az əvvəl İlkinin telefonuna zəng edən iş yoldaşına göndərib.

Daha sonra, təsadüfən gözü Heydərovun telefonundakı mesajlara sataşıb. Diqqətlə onlara baxanda isə “iş yoldaşı” yazılan şəxsin, əvvəllər onların evində kirayədə yaşamış Rəqsanə adlı qız olduğunu bilib.

Mesajları oxuyan zaman İlkinlə Rəqsanənin yazışmalarında onun və arvadı Sürəyya barədə təhqiredici ifadələr olduğunu görüb. Belə ki, İlkin Rəqsanəyə “Sahib kişi deyil, Sahib kişiliyin nə olduğunu bilmir”, “Sürəyya çox səviyyəsiz və əxlaqsız qadındır” kimi, Rəqsanənin isə cavabında “Sahibin kişi olmadığını Sürəyya xanıma demişəm, onunla bu barədə mübahisə etmişəm, bilirəm ki, Sahib kişi deyil” kimi ifadələri yazdığını görüb.

Bunları oxuyan Sahib İlkindən nə üçün ailəsi barəsində Rəqsanə ilə bu cür yazışmalar apardığını, arvadının pozğun olması barədə əlində hansı sübutların olduğunu soruşub. Ancaq İlkin ona bütün bunların yalan olduğunu, onun və arvadı barədə heç bir təhqiredici mesaj yazmadığını bildirib. Sahib isə, həmin mesajların bəzilərini ora çağırdığı dayısı İbadətə göstərdikdə sonuncu, həmin mesajları oxuyub və İlkindən üzr istəməsini tələb edib. Amma Heydərov cavab verməyərək susub.

Mətbəxə keçən Sahib qatlanmayan taxta saplı mətbəx bıçağını götürüb, arxadan əynində olan şalvarın altına keçirdib və otağa qayıdıb. O, bir daha İlkinə üzr istəməsini dedikdə sonuncu, oturduğu yerdən ayağa qalxıb, özündən razı halda kinayə ilə üzr istəməyəcəyini bildirib.

Bundan hiddətlənən Sahib bıçaqla İlkinin qarın nahiyəsinə ilk zərbəni vurub, əsəbi olduğu üçün sonrakı bıçaq zərbələrini İlkinin bədəninin hansı hissələrinə vurduğunu xatırlamayıb. Heydərov bir neçə addım atıb, dizləri üstə yerə yıxılıb. O, bunu görən kimi dərhal İlkini anası və dayısının köməkliyi ilə gətirib dəhlizdə yerə uzadıblar, ardınca isə 103 xidmətinə zəng edərək Təcili Tibbi Yardıma məlumat veriblər.

Təqsirləndirilən şəxs zərərçəkmişlə barışdığını və törətdiyi cinayət əməlindən peşman olmasını qeyd edib. Onun sözlərinə görə, İlkin Heydərovu öldürmək məqsədi olmayıb, zərərçəkən hadisə zamanı ondan üzr istəsə idi, onu bıçaqla vurmayacaqdı.

Zərərçəkən şəxs Sahib Məmmədova qarşı şikayəti olmadığını və məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ