Xaçmazda yaşayan Nailə və Hava Rüstəmli bacıları küçə itləri üçün sığınacaq qurublar.
7News.Az "Xəzər Xəbər”ə istinadən xəbər verir ki, rayonun Yergüc kəndində yerləşən sığınacaqda 100-ə yaxın it bəslənilir. Hava Rüstəmli hələ uşaq yaşlarından sığınacaq qurmaq arzusunda olduğunu və heyvanlara qayğı göstərmək istədiyini deyib:
"Heyvanlara qarşı hər zaman şiddət, kobudluq görürdük. Uşaqlıqdan xəyalımız olub ki, heyvanlara qayğı mərkəzi açaq. Böyüdük və arzumuzu həyata keçirdik”.
2 ilə yaxın fəaliyyət göstərən bu məkan təkcə Xaçmazda yox, qonşu rayonlarda olan küçə itləri üçün də nəzərdə tutulub. Valideynləri əvvəlcə bacıların bu təşəbbüsünə qarşı çıxsalar da, indi özləri də sığınacaqdakı itlərə qayğı göstərirlər.
Qonşu rayonların könüllüləri də itlərin dərman və qida ilə təmin olunmaları üçün köməklik edirlər.
7News.Az








