RU
Xaçmazda iş adamına basqın edənlərin apellyasiya məhkəməsi yekunlaşıb
12:11
830

Xaçmazda iş adamına basqın edənlərin apellyasiya məhkəməsi yekunlaşıb

Sumqayıt Apellyasiya Məhkəməsində Bakı ş. sakinləri Famiq Qurbanov (1983-cü il təv.), Yusif Nəsibov (1988-ci il təv.), İsgəndər Qasımbəyli (1993-cü il təv.), Xaçmaz rayon sakini Namiq Həsənov (1978-ci il təv.) və Hacıqabul rayon sakini Mirkamil Həşimovun (1980-ci il təv.) 

CM-nin 180.3.2 (soyğunçuluq, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 228.2.2 (təkrar qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, satma, saxlama və ya gəzdirmə), 228.4 (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) və 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

7news.az xəbər verir ki, Famiq Qurbanov tanışı Mirkamil Həşimovdan 1700 manata "Zastava" markalı tapanca və 15 patron alıb.

İttiham aktına görə, 2013-cü il sentyabrın 4-də, səhər saat 8 radələrində Famiq Qurbanov, İsgəndər Qasımbəyli, Ziyafət Məmmədov, Namiq Həsənov və Yusif Nəsibov qabaqcadan əlbir olaraq Xaçmaz şəhəri, Atatürk prospekti, 45 ünvanında iş adamı Ələmdar Zeynalova basqın ediblər. Hadisədən sonra RPŞ-nə müraciət edən zərərçəkən bildirib ki, səhər evdən çıxıb işə gedərkən naməlum şəxslər ona xəsrətlər yetiriblər, sonra isə içərisində 24000 dollar, 14000 manat, 262000 rus rublu və "Nokia" markalı mobil telefonu olan çantasını əlində zorla alıb, qaçıblar. Məlum olub ki, Ə.Zeynalov Xaçmaz mərkəzi rayon xəstəxanasında valyuta-dəyişdirmə obyektinin sahibi olub.

Sentyabrın 5-də DİN Baş Cinayət-Axtarış İdarəsi, Nərimanov RPİ və Xaçmaz RPŞ əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Yusif Nəsibov saxlanılıb, H.Əliyev küçəsində dayanan "Niva" avtomobilinə baxış keçirilərkən polislər 1 ədəd bıçaq tapıblar. Ayın 11-də DİN-in əməkdaşları Famiq Qurbanovu tutublar. Məlum olub ki, Famiq əldə etdiyi pula "BMW" markalı avtomaşın alıb və elə həmin gün qəza törədib. Onun tutulmasından sonra yoldaşı Əli Əhmədov könüllü Xaçmaz polis şöbəsinə gələrək, Qurbanova məxsus tapancanı təhvil verib. Sentyabrın 19-da Mirkamil Həşimovun atası Hacıqabul RPŞ-nə "Makarov" tapancasını təhvil verib və ifadəsində, onu yaşadığı evin yanında tapdığını göstərib. Ayın 22-də Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsinin (BMCMİ) əməkdaşları "Xəqani" ticarət mərkəzində şübhəli şəxs qismində İsgəndər Qasımbəylini saxlayıblar və onun üzərindən 3,578 qram heroin aşkar ediblər.

İş üzrə ibtidai istintaq DİN Baş İstintaq və Təhqiqat İdarəsində aparılıb. F.Qurbanov və M.Həşimovun əvvəllər məhkum olunmaları məlum olub. Təqsirləndirilən şəxslərin barələrində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.3.2-ci (quldurluq, zərərçəkmiş şəxsə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Ələmdar Zeynalovun hər gün külli miqdarda pulla evdən çıxıb, işə getdiyini biləndən sonra, Yusif Nəsibovun idarə etdiyi "Niva" markalı avtomobillə Bakıdan Xaçmaza gəliblər. Şəhərə çatandan sonra avtomobilin dövlət nömrə nişanlarındakı rəqəmlər flamasterlə, yəni kustar üsulla dəyişdirilib. Zərərçəkənin yaşadığı ünvanın yaxınlığına gələrək, xeyli pusquda dayanıblar. Sonuncu evdən çıxıb, küçə ilə gedərkən ona arxadan zərbələr vurub, yerə yıxıblar və tələsik mühərriki işə salan Nəsibovun maşınına miniblər. Bakı istiqamətində hərəkət edərkən izi itirmək məqsədi ilə Famiq, İsgəndər və Ziya həmin avtomaşından düşüblər və paytaxta taksi ilə gediblər. Elə həmin gün Famiq yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsindəki evində dostları ilə görüşüb və pulları bölüşdürüb.

Məhkəmə prosesində Famiq Qurbanov və Namiq Həsənov ittiham üzrə özlərini təqsirli bilməyiblər, digər şəxslər özlərini təqsirli hesab ediblər. Namiq Həsənov ifadəsində göstərib ki, qardaşının ölümü ilə bağlı ayın 4-də Famiq və dostları evlərinə gələrək başsağlığı veriblər, anasl onlara çay verib, bir az söhbət edəndən sonra tanışları sağollaşıb, gediblər. Həsənov qeyd edib ki, baxmayaraq ki Ələmdar Zeynalov qonşuluqla yaşayır, o, heç kimə onun harada işləməsi, gündəlik hərəkət marşrutu və gəliri barədə məlumat verməyib, həmçinin cinayətdə iştirak etməyib. Öz növbəsində Qurbanov da bildirib ki, Namiq Həsənov onların zərərçəkənə basqın edəcəyini bilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Famiq Qurbanov 12 il, Namiq Həsənov 10 il, İsgəndər Qasımbəyli 9 il, Yusif Nəsibov 7 il 6 ay və Mirkamil Həşimov 5 il müddətinə azadlıqdan məhrum olunublar. Təqsirləndirilən şəxslərin əməlləri CM-nin 181 (quldurluq) maddəsindən 180-ci (soyğunçuluq) maddəsinə tövsif edilib.

Hökmdən məhkumlar apellyasiya şikayəti veriblər.

Sumqayıt Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq qərara alıb ki, Yusf Nəsibovun cəzası 2 il 6 aya və Mirkamil Həşimovun cəzası
4 ilə endirilib. Famiq Qurbanov, Namiq Həsənov və İsgəndər Qasımbəyliyə aid hissədə hökm dəyişdirilməyib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ