Bu gün şair, nasir, dramaturq, publisist, tərcüməçi, SSRİ Dövlət mükafatı laureatı, Azərbaycanın Xalq şairi Nəbi Xəzrinin doğum günüdür.
Nəbi Xəzri 1924-cü ildə Bakının Xırdalan kəndində anadan olub. 1945-1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947-1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949-1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb.Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin Rəyasət Heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olub.
Nəbi Xəzrinin yaradıcılığı müasir poeziyanın parlaq səhifələrindən birini təşkil edir. Altmış ildən çox Azərbaycan ədəbiyyatına xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanıb.
Xalq şairi 2007-ci ilin yanvar ayının 15-də Bakıda vəfat edib.








