Mümkün olmayanı edə bilmək nədir?! Belə işlər insanın zehni və fiziki gücü xaricində olur. Dünyanın ən müasir silah-sursatını, top-tüfəngini bir yerə yığsan belə müşkülü mümkünə çevirmək olmaz. Müşkülü mümkün etmək gücdən əlavə, həm də sevgi, güvən və inamla gerçək olur. Bu halda dünya üstünə gəlsə də halını pozmazsan, meydandan qaçmazsan, əksinə, rəqibin üstünə gedərsən. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın 30 illik işğalına son qoyulması müşkülün mümkün olmasının belə nadir nümunəsi və təsdiqidir.
Buradaca bir haşiyə çıxım. Cocuq Mərcanlıda məscidinin açılışında Prezident İlham Əliyevin dediyi sözlərdir: "Bu, Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik”. Şükür ki, o gün o qədər də uzaq deyilmiş. Azərbaycanın mədəniyyət çevrəsi, dövlətçiliyinin və içindən keçdiyi savaşın hüdüdları coğrafi əhatəsindən çox-çox böyükdür. Vaxtilə Qobustanı ziyarət edən səyyah Tur Heyerdalın tariximizlə, mədəniyyətimizlə tanış olduqdan sonra işlətdiyi o ifadə yadıma düşdü: "Bu qədər böyük tarix və mədəniyyət bu xalqın coğrafi ərazisinə sığmaz, ağlıma yerləşmir. Qənaətim odur ki, bu tarix və mədəniyyət onların ruhuna sığmışdır. Çünki hər qırıq daşı səs çıxarıb musiqi çalır, hər qayası rəssamlığı öyrədir, qayalardakı rəsmlərdən Günəşə boylanır, gələcəyi öyrənməyim üçün mənə nişanlar göstərirlər...”
Min illərdən gələn uzun, ulu bir yol! Nəhayət, 27 sentyabr 2020-ci il. Dirilişimizin başladığı o tarix. Otuz il gözlədi bu xalq. Ermənistanın daim destruktiv mövqedən çıxış etməsi, beynəlxalq birlik qurumlarının xalqımızın itki və ağrılarına etinasızlığı, ikili standartlarla işğala dəstək verməsi sonda bıçağı boğaza dirədi. Bunlardan yorulan, usanan xalq əl-ələ verib bir yola çıxdı. Bu yürüşün başında Ali Baş Komandanı, ordusu, önündə əsgəri, arxasında anası, atası, qocası, qız-gəlini sıralandı. O gündən bu millətin bələkdəki bəbəsindən, ixtiyar yaşlısınacan hər biri əsgər oldu. Təkcə Azərbaycan Ordusu deyil, böyük bir xalq ordulaşıb nəhəng bir güc oldu. Bu ordulaşmış xalqın məqsədi-məramı 30 ildən bəri mümkün olmayanı gerçək etmək idi.
Ulu öndər Heydər Əliyevin vəsiyyətə çevrilmiş deyimi gerçəkləşməli idi: "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!”. Bu vəsiyyət yerinə yetirilməlidir, necə olursa olsun. Müşkülə çevriləni mümkün etməklə gerçəkləşəcəkdi bi vəsiyyət.
Üçrəngli bayrağımız Şuşada dalğalanmalıdır. Çünki o bayraq ilk dəfə 1990-cı ilin noyabrında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda dalğalanmış və həmin gün Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı elan edilmişdi. O vaxt ulu öndərin bu addımı Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırdı, ölkəmizdə gedən proseslərə güclü təkan verdi.
Ulu öndərin ideya və əməllərinin ən layiqli və ən sadiq davamçısı Prezident İlham Əliyevin yetkin ictimai-siyasi xadim, müasir dövlət adamı kimi yetişməsində Heydər Əliyev məktəbinin böyük rolu olmuşdur. İlham Əliyev varis kimi böyük siyasətə gəlişi ümummilli lider Heydər Əliyevin siyasi, ictimai, əxlaqi məfkurəsi və mədəniyyəti üzərində formalaşmışdır. Modern düşüncəli və yüksək enerjili siyasi xadim kimi İlham Əliyevin keçdiyi mənəvi, mədəni, intellektual, siyasi məktəb onu bugünkü zəfər zirvəsinə yüksəltdi. Hakimiyyətə gəldiyi 17 il ərzində Qarabağ onun ən ağrılı yeri oldu. Bu müddətdə saysız-hesabsız görüşlər keçirdi, hər an problemin həlli üçün bir işıq ucu axtardı.
Dövlət başçısı Aprel savaşlarında bugünkü zəfərin başlanğıcını qoydu, bir daha xalqın güvənini qazandı. 2020-ci ilin iyulunda Ermənistanın Tovuz təxribatında dövlət başçısı əmin oldu ki, düşmən qırmızı xətti keçib və xalq haqlı olaraq bu təhqirdən xilas olmaq istəyir.
Özünün dediyi kimi, ata vəsiyyətini həyata keçirməyin zamanı yaxınlaşırdı. Qarabağ savaşı günlərində Türkiyənin "TRT Haber” televiziya kanalı müxbirinin: "Mərhum atanızın sizə Dağlıq Qarabağla bağlı vəsiyyəti olubmu, olubsa nə idi”? – sualına Ali Baş Komandan kimi ölkəsini qələbəyə aparan İlham Əliyev dedi: "Atamın yolu mənim üçün bir işıq yoludur. Onun siyasətini davam etdirmək mənim onun oğlu kimi və Prezident kimi borcumdur. Mən ilk dəfə Prezident seçiləndə andiçmə mərasimində dedim ki, Heydər Əliyev yolu ilə gedəcəyəm, bu yoldan dönməyəcəyəm və bu yolun Azərbaycan üçün yeganə yol olduğunu demişdim. Bütün sahələrdə-- istər xarici siyasət sahəsində, istər iqtisadiyyat, sosial, o cümlədən Dağlıq Qarabağ məsələsində bu yola sadiqəm. Qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir. Ərazi bütövlüyümüzün bərpası bir nömrəli vəzifəmizdir. Ona görə atamın yoluna sadiq qalaraq bu şərəfli missiyanı icra edirik. İnşallah, sona qədər başa çatdıracağıq”.
İnanın ki, çiçəklər ümidə açır, belə olmasaydı biz ümidimizi üzsəydik, bugünkü möcüzəni yaşamazdıq. Hər gün dövlətimizin başçısı ulu öndərin bir vəsiyyətini həyata keçirir. Azərbaycan Ordusu müzəffər yürüşünü hər gün daha inamla və zəfərlə davam etdirdi. İşğaldan azad edilmiş yaşayış məntəqələrinin sırasına hər gün yeni kəndlər, rayon və şəhərlər əlavə olunur. Qorxmaz əsgərlərimizin qarşısında duruş gətirə bilməyən düşmən xilas üçün kimlərəsə yalvarsa da, heç nə Azərbaycanı öz yolundan saxlaya bilmədi. Şanlı ordumuz ən qısa vaxtda öz vəzifəsini bütünlüklə yerinə yetirdi və Azərbaycanın ərazi büövlüyünü təmin edən Ali Baş Komandan İlham Əliyev bayrağımızı Şuşada dalğalandırmağa nail oldu.
Ali Baş Komandan Şuşanın fəthini xüsusi təntənə ilə təqdim etdi, öncə atasına, şəhidlərə və xalqına: "Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”. Beləcə, ata vəsiyyətini yerinə yetirən övlad dünyanın ən xoşbəxt övladıdır.
"İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu deyim unudulmaz ümummilli lider Heydər Əliyevə məxsusdur. Ulu öndər Qarabağın işğaldan azad edilməsinin zəruri əsaslarını yaratsa da bu arzusuna çatmaq ona nəsib olmadı. Prezident Ali Baş Komandan İlham Əliyev xalqımızı Qarabağ Qələbəsinə qovuşdurmaqla ulu rəhbərin bu böyük arzusunu da uğurla gerçəkləşdirdi. Doğrudan da, xalqımızın Qarabağ Qələbəsi çağdaş dünyada müşkülü mümkün etmək nümunəsidir.
Əminə YUSİFQIZI,
Yevlaxda çıxan "Kür” qəzetinin baş redaktoru, Əməkdar jurnalist









