RU
Xaricdə təhsil üzrə Dövlət Proqramı başa çatdı
15:08
1684

Xaricdə təhsil üzrə Dövlət Proqramı başa çatdı

Məzunların 60% özəl, 40%-i isə dövlət sektorunda fəaliyyət göstərir.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində son qəbul ili olan 2015-2016-cı tədris ili üzrə, Dövlət Proqramı üzrə tələbələrin seçimi başa çatıb. 

Bu barədə Təhsil Nazirliyindən 7news.Az-a bildirilib.

Nazirlikdən verilən məlumata görə, Dövlət Proqramının müvəffəqiyyətlə başa çatmış sonuncu qəbul ilində 373 nəfər tələbənin adı təqaüdçülər siyahısına daxil edilib. 

“2015-2016-cı tədris ili üzrə müsabiqədə də üstünlük bakalavriatdan sonrakı təhsil səviyyələrinə verilib və 176 nəfər magistratura, 25 nəfər doktorantura, 70 nəfər rezidentura, 102 nəfəri isə baza ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil almaq hüququ qazanıb. 

Dövlət Proqramı çərçivəsində gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alması üçün Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələri mütəxəssislərinin iştirakı ilə seçimlər aparılıb və ümumilikdə 3558 nəfər təhsil almaq hüququ qazanıb”, - deyə nazirlikdən bildirilib.

Nazirlikdən həmçinin qeyd edilib ki, Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Niderland Krallığı tələbələrin təhsil almaq üçün ən çox seçdikləri ilk 5 ölkə olub. 

Nazirlikdən bildirilib ki, Dövlət Proqramı çərçivəsində sonuncu təhsil alanların (tibb təhsilinin rezidentura səviyyəsi üzrə) 2021-ci ildə məzun olması gözlənilir:

“Magistratura təhsil səviyyəsində daha çox tələbə təhsil almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində azərbaycanlı tələbələr Harvard Universiteti, Kembric Universiteti, Oksford Universiteti, London İmperial Kolleci, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Orta Doğu Texniki Universiteti, Toronto Universiteti, Nanyanq Texnologiya Universiteti, Kyoto Universiteti və digər belə yüksək nüfuzlu ali təhsil müəssisələrində təhsil alır.

İndiyədək Dövlət Proqramı çərçivəsində müvafiq məzun qeydiyyatından 1294 nəfər keçib. Təhsillərini yüksək akademik göstəricilərlə tamamlamış məzunların 60% özəl, 40%-i isə dövlət sektorunda fəaliyyət göstərir.

Dövlət Proqramı çərçivəsində təhsil almış tələbələrin dövlət qulluğuna qəbul imtahanlarının birbaşa müsahibə mərhələsinə buraxılması isə əldə olunan bilik və səriştənin dövlət idarəetməsi üçün istifadə olunmasına geniş şərait yaradır. 

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində sonuncu təhsil alanların (tibb təhsilinin rezidentura səviyyəsi üzrə) 2021-ci ildə məzun olması gözlənilir”.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ