7NEWZ.az xəbər verir ki, bununla bağlı QHT-lərin birgə bəyanatında deyilir:
"Biz, aşağıda imzası olan vətəndaş cəmiyyəti təşkilatları birgə bəyanat verərək Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş minlərlə azərbaycanlı barədə təcili tədbirlər görülməsi üçün beynəlxalq ictimaiyyətə müraciət edirik.
Yaranmış vəziyyət itkin düşmüş şəxslər probleminin həlli və onların ailələrinə yardımın göstərilməsi üçün beynəlxalq səylərə təcili ehtiyac olduğunu nümayiş etdirir.
Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın hərbi təcavüzü nəticəsində birinci Qarabağ müharibəsi zamanı ümumilikdə 3890 azərbaycanlı rəsmi olaraq itkin kimi qeydə alınıb. Onların 3171-i hərbi qulluqçu, 719-u isə mülki şəxslər olub. Təəssüflər olsun ki, mülki şəxslərdən 71-i uşaq, 267-si qadın, 326-sı qoca olub.
İçərisində 29 nəfər uşaq, 98 nəfər qadın və 112 nəfər ahıl olmaqla, itkinlərin 872 nəfəri ya girov götürülüb, ya da xəstə və ahıl olduqları üçün ərazini tərk edə bilməyiblər. Ürək ağrıdan da odur ki, bəzi hallarda bütün ailələr, nəsillər qohumları ilə birlikdə yoxa çıxıb.
Bundan başqa, İkinci Qarabağ Müharibəsi zamanı 6 nəfər azərbaycanlı itkin düşüb, onların harada olması və taleyi ilə bağlı bu günə qədər heç bir məlumat yoxdur.
Beynəlxalq humanitar hüquq (BHH) silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsinə diqqət çəkir və 1949-cu il qəbul edilmiş Cenevrə Konvensiyaları belə vəziyyət üçün xüsusi tələblər və müdafiə vasitələri müəyyən edir. Beynəlxalq humanitar hüququn tələblərinə görə, münaqişə tərəfləri itkin düşmüş şəxsləri axtarmağa və onların sayını müəyyənləşdirməyə borcludurlar. Bura həm münaqişə zamanı əlaqə kəsilmiş döyüşçülər, həm də ailələrindən ayrılmış mülki şəxslər daxildir. Tərəflərdən tələb olunur ki, itkinlər haqqında məlumat toplamasınlar və təqdim etsinlər, əsir və girovlarla ailələri arasında ünsiyyəti asanlaşdırsınlar. Onlar həmçinin ölən şəxslərin şəxsiyyətinin müəyyən edilməsini təşkil etməli və onların ailələrinə məlumat verməlidirlər. İtkin düşmüş şəxslərin ailələri öz yaxınlarının taleyini və harada olduğunu bilmək hüququna malikdirlər.
İnsanların qeyri-insani şəraitdə, sistematik şəkildə öldürülməsi və bu cür basdırılması onların izlərini silməklə bərabər, bütün insanlıq dəyərlərinə hörmətsizlik deməkdir və ağılasığmaz vəhşiliyin sübutudur.
İtkin düşmüş şəxslərin problemi qlobal problemdir. Bu, ümumbəşəri miqyasda rezonans doğuran, dünyanın müxtəlif regionlarına və ölkələrinə təsir edən problemdir. Silahlı münaqişələr və ya digər hallar səbəbindən insanların itkin düşməsi fenomeni bu aktual narahatlığı aradan qaldırmaq üçün xalqların və beynəlxalq təşkilatların birgə məsuliyyətini vurğulayır.
İtkin düşmüş şəxslərin problemini həll etmək səyləri onların tapılması və müəyyən edilməsi, ailələrinə dəstək verilməsi, insan hüquqları, ləyaqət prinsiplərinin müdafiəsi məqsədilə əməkdaşlığı, hüquqi çərçivələr müəyyən etməyi və humanitar təşəbbüslərin həyata keçirilməsini tələb edir.
Biz Ermənistanı Birinci Qarabağ müharibəsi zamanı işgəncə düşərgələrində işgəncələrə, qeyri-insani rəftara və ölümə məruz qalmış 4000 azərbaycanlının dəfn olunduğu kütləvi məzarlıqların coğrafi koordinatlarını verməyə çağırırıq.
Biz BQXK-nı itkin düşmüş azərbaycanlıların taleyini və harada olduqlarını aydınlaşdırmaq üçün səyləri artırmağa və bu məqsədlə Ermənistanla dialoqa getməyə çağırırıq.
Biz İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanı (ICMP) 1-ci və 2-ci Qarabağ müharibələri zamanı itkin düşmüş azərbaycanlıların müəyyən edilməsinə və onların taleyi ilə bağlı məlumatların əldə edilməsinə diqqəti artırmağa çağırırıq.
Biz beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanı itkin düşmüş şəxslərlə bağlı məlumatları təcili açıqlamağa, kütləvi məzarlıqların yerlərini təqdim etməyə çağırsın.
Biz BMT-yə müraciət edirik ki, BMT-nin itkin düşmüş şəxslər üzrə Xüsusi Məruzəçisi institutu yaradılsın və Məruzəçi bu qlobal problemi, hələ də sonrakı taleyi məlum olmayan itkin şəxslərlə bağlı problemlərin həllinə töhfə versin".
İmzalar:
Ayşa Hafizoviç Hadcimeşiç, "Srebrenitsa anaları və Jepa Anklavı” İctimai Birliyi, Bosniya və Herseqovina;
Petsi Stillo, "Sağlamlıq Tərəfdaşları”, ABŞ;
Eliud Emeri, "Keniya Öt Kökləri Təşkilatlarının Konsorsiumu”, Keniya;
Adv Məhəmməd Buks, "Sukaar Rifah Təşkilatı”, Pakistan;
Piter Oviti, "WOTE” Gənclərin Layihələrinin İnkişafı Təşkilatı, Keniya;
Risikat Abimbola Akevula, "Nigeriya Ekoloji Cəmiyyəti”, Nigeriya;
Mohmad Hüseyn Loun, "İnsan Hüquqları üzrə Beynəlxalq Komissiya”, Hindistan;
Lindokule Sibiya, "Gənclər və Qadınlar Dəyişikliklər üçün Təşkilatı”, Esvatini;
Ridhivani Sadiqi, "Keniyanın inkişafı üzrə Vətəndaş Şəbəkəsi”, Keniya;
Hote Kasonqo İlunqa, ""Biso” İnsanlar”, Konqo Demokratik Respublikası.








