Çempionatımızın iddialılarından olmuş “Xəzər Lənkəran”ın bu gün acınacaqlı vəziyyətdə olması üzücüdür. Klubun bu vəziyyətə gəlməsinə səbəb nədir? Cənubluların çöküşü hardan başladı?
Mirça Rednikin gedişindən sonrakı uğursuz illərdən sonra “Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimov kluba Mustafa Dənizli kimi əfsanə baş məşqçi göndərdi. Həmin vaxt klubun büdcəsi də rekord həddə çatdırıldı. Mütəxəssisə istənilən transferi etməyə şərait yaradıldı. Lakin yüksək nizam-intizam tərəfdarı olan türkiyəlinin öz istəklərini reallaşdırmaq arzusu gedişinə səbəb oldu.
Dənizlinin gedişi ilə kluba Oğuz Çətin baş məşqçi təyin olundu. Tez-tez məşqçi dəyişikliklərindən bezən “böyük” Mənsimov artıq klubun büdcəsini azaltmağı qərara aldı. Çətinin dövründə artıq futbolçulara verilməli olan pullar İstanbuldan göndərilmirdi. Amma transferlər həyata keçirilirdi. Məhz onun dönəmində “ağ-yaşıllar”a böyük problem yaradan Qalin İvanov, braziliyalı Qabriel Fernando və başqa bir neçə futbolçu transfer olundu.

Amma Veldin Muharemoviçin şikayətindən sonra FİFA-nın verdiyi transfer qadağası cəzası klub “patron”unun səbrini bir az da daşırdı. Məhz bundan sonra “gəncləşdirmə siyasəti” adı altında klubda olan legioner futbolçular maaşları ödənilmədən göndərildi. Amma ondan öncə də artıq klubun FİFA-da problemləri mövcud idi.
2008-2009-cu illərdə “Xəzər Lənkəran”da çıxış etmiş Renato Morreyra müqaviləsi ola-ola klubdan göndərilib. Bundan narazı qalan futbolçu FİFA-ya üz tutub. İlk məhkəməni uduzan Morreyra İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib. CAS isə məsələni oyunçunun leyhinə həll edib və cənublulara 100 min dollar ödəməli olduğunu bildirib.
Con Benjamin Toşakın zamanında Avroliqanın 2-ci təsnifat mərhələsində Hayfa “Makkabi”sinə 0:8 hesablı məğlubiyyətdən sonra klubdan qovulan braziliyalı müdafiəçi Eder Bonfim də ali futbol qurumuna üz tutmuşdu. 1 illik müqaviləsi ola-ola yola salınan “sambaçı”nın şikayətinə baxan qurum məsələni Bonfimin xeyrinə həll edib. Qərara görə “Xəzər Lənkəran” müdafiəçiyə 300 min dollar ödəməlidir.

Son belə böyük cərimə isə Qalin İvanovun şikayətindən sonra gəldi. Bolqarıstanlının FİFA-ya klubda qalan maaşlarını alması üçün müraciəti cənublulara 250 min dollara başa gəldi.

Alvaro Silva və Deyvid Sakkoni də klubdan quruma şikayət edib və istəklərinə nail olublar. Cənub təmsilçisi bu iki futbolçuya da təxminən 50-60 min dollar civarında pul ödəməlidir.
Daha bir ciddi şikayət isə makedoniyalı yarımmüdafiəçi Deyan Blajevskinin adı ilə bağlıdır. Qalin İvanovla eyni vaxtda klubun düşərgəsindən qaçan futbolçu haqqında FİFA-nın qərarı yaxın günlərdə veriləcək.
Bundan başqa “Xəzər Lənkəran”ın borclu olduğu daha 2 futbolçu Vyekoslav Tomiç və Adrian Skarlatake yaxın günlərdə FİFA-ya üz tutacaqlar. Hər iki futbolçu saytımıza açıqlamasında bunu təsdiq edib.
Uzun illərdir klubda fiziki hazırlıq üzrə məşqçi çalışan Covanni Melkiorre də qalan 9 aylıq maaşını əldə etmək üçün yaxın 2 gün ərzində şikayət edəcək.
Göründüyü kimi, “Xəzər Lənkəran”ın durumu heç də yaxşı deyil. Klubun bu vəziyyətdən çıxması üçün isə Mübariz Mənsimovun yenidən əvvəlki dəstəyinə ehtiyac var.
Əks-təqdirdə isə bu mövsüm “Xəzər Lənkəran” üçün sonuncu olacaq./qafqazinfo
7news.az








