İtkin düşən Ramiz Həsənovun meyiti tapıldı.
“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşənlərdən birinin cəsədi tapılıb.
Bu barədə "Günəşli" dəniz yatağında baş vermiş yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan məlumat verilib. Məlumata görə dənizdən tapılan meyit 1965-ci il təvəllüdlü Ramiz Nüsrəddin oğlu Həsənova məxsusdur. Bununlada rəsmi məlumata görə ölənlərin sayı ikiyə çatıb. 29 nəfərin axtarışları davam etdirilir.
***09:26***
Xəzərdə itkin düşənlərin axtarışlarına dalğıclar cəlb olundu
“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın nəticəsində itkin düşənlərdən hələlik heç kim tapılmayıb. Xilas edilənlər hazırda xəstəxanadır. Hamısının vəziyyəti normaldır".
Bu barədə "Günəşli" dəniz yatağında baş vermiş yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan məlumat verilib. Qərargahdan bildirirlər ki, hazırda helikopterlər vasitəsi ilə axtarışlar davam etdirilir: "Bu gün isə dalğıclar dənizin dibinə enəcəklər və orada axtarışlar davam etdiriləcək. Hələlik platformadakı yanğının qarşısını almaq da mümkün olmayıb. Hazırda yanğınsöndürmə və xilasetmə işləri davam etdirilir".
Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Yanğın baş verən platforma
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev yanan yataqdakı vəziyyətlə tanış olmaq üçün ötən gün səhər saatlarında hadisə yerinə yollanıb.
Hadisə ilə bağlı SOCAR, FHN və Respublika Baş Prokurorluğunun birgə açıqladığı məlumatda 32 nəfərin təxliyyə edildiyi, 1 nəfərin isə cəsədinin sudan çıxarıldığı bildirilir.
Azərbaycanda baş verən faciə ötən gün dünyanın aparıcı KİV-nin manşetlərinə və telekanalların baş xəbərinə çıxarılıb. Nüfuzlu Reuters xəbər agentliyi yazır ki, Xəzər dənizində yanğın nəticəsində 32 nəfər ölüb, daha 42 nəfər isə xilas edilib.
Agentlik bu barədə məlumatı Azərbaycan Neftçilərinin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlıya istinadla yayıb. "Orada çalışanlardan biri deyib ki, ümumilikdə özüldə 84 işçi olub".
"Günəşli" nef yatağının 10-cu platformasındakı yanğın


İtkin düşmüş insanların axtarış- xilasetmə əməliyyatlarına SOCAR-ın prezidenti və Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi özüldə əməliyyata bilavasitə rəhbərlik edirlər.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
10-cü platformada qəza ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Komissiyanın rəhbəri Baş nazir Artur Rasi-zadə təyin olunub. İtkin düşənlərin axtarışı və xilasetmə işlərinin gedişi barədə prezidentə mütəmadi məlumat verilir./anspress
7news.az








