Xarici İşlər Nazirliyi Parisdə Xocalı soyqırımı tədbiri keçirilən kilsəyə ermənilərin basqın etməsi ilə bağlı məsələyə reaksiya verib.
Xarici İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva oxu.az-a açıqlamasında deyib ki, basqın edən şəxslər Daşnaksütyun partiyasının Fransada fəaliyyət göstərən gənclər təşkilatının üzvləri olub. Onun sözlərinə görə, tədbirin təşkilinə əngəllər törətmək məqsədilə kilsənin önündə təxribat xarakterli "aksiya” keçirilib:
"Dünən ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisin ən böyük kilsələrindən birində Xocalı Soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım konserti təşkil olunub.
Erməni təxribatçıların cəhdlərinə baxmayaraq 300 nəfərdən çox fransalının, həmçinin, Fransadakı diplomatik korpusun nümayəndələrinin iştirakı ilə yaddaşlarda hələ uzun müddət qalacaq anım konserti keçirildi.
Anım mərasimi zamanı ölkəmizin Fransadakı səfiri tərəfindən tədbir iştirakçılarına 27 il bundan öncə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı barədə və Ermənistanın təcavüzkar siyasəti barədə məlumat verilib”.
"Anım konsertində ifa edilmiş dahi Azərbaycan bəstəkarlarının klassik əsərləri Xocalı soyqırımının qurbanlarının ruhuna ithaf edildi. Anım konsertinin kilsədə təşkili ölkəmizin bütün dinlərə açıq olduğunu və tolerantlığını göstərdiyi bir vaxtda, erməni təxribatçılarının cəhdləri bu insanların iç üzünü və hətta katolik kilsəsinə olan hörmətsizliyini nümayiş etdirdi”, - deyə Leyla Abdullayeva qeyd edib.
7News.Az








