Samuxda yanacaqdaşıyan avtomobil aşıb, tonlarla benzin yola dağılıb.
Hadisə Gəncə-Samux avtomobil yolunun 2-ci kilometrliyində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes” markalı ağırtonnajlı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı yük çənində olan 40 tona yaxın benzin yol kənarına axıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Baş verə biləcək yanğının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib.
Hadisədən sonra Gəncə-Samux yolu bir neçə saat bağlı qalıb. Əraziyə polis əməkdaşları cəlb edilib, sürücülər alternativ yollarla hərəkət etməyə yönləndirilib. Daha sonra DYP əməkdaşları yolda hərəkəti bərpa ediblər. Faktla bağlı araşdırma aparılır.









