25 yanvar 2018-ci il
tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon Təşkilatının inzibati
binasında YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin hesabat-seçki yığıncağı
keçirildi. Yığıncağı giriş sözü ilə açan YAP Binəqədi rayon Təşkilatının sədri
Ramiz Göyüşov hesabat-seçki yığıncağının iştirakçılarını salamladı. Yeni
Azərbaycan Partiyası və partiyanın Binəqədi rayon Təşkilatının uğurlu,
məqsədyönlü siyasi fəaliyyəti haqqında fikirlərini bölüşdü. YAP Binəqədi rayon
Təşkilatı Gənclər Birliyinin hesabat-seçki yığıncağının keçirilməsinin məqsəd
və məramından bəhs edərək hesabat dövrü ərzində görülən işlərin, reallaşdırılan
tədbirlərin əhəmiyyətindən danışdı. Bildirdi ki, YAP Binəqədi rayon Təşkilatı
fəaliyyətində daim ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq həyata
keçirdiyi mühüm fəaliyyətin nəticəsi olaraq mühüm uğurlara imza atıb. Təbii ki,
rayon təşkilatının fəalları bu işdə yaxından iştirak edərək əldə olunana
uğurlara öz töhfələrini veriblər. Ramiz Göyüşov Gənclər Birliyinin
fəaliyyətinin bundan sonra uğurla davam etdiriləcəyinə əminliyini ifadə etdi.
Daha sonra çıxış edən YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədr
əvəzi Fəsli Nəbiyev hesabat-seçki yığıncağının gündəliyini elan etdi. Gündəlik
yekdilliklə qəbul edildikdən sonra gündəlikdə duran məsələlər ətrafında
müzakirələrə başlanıldı. Gündəliyə əsasən Fəsli Nəbiyev rayon təşkilatının
Gənclər Birliyinin sədr əvəzi olaraq hesabat-məruzəsi ilə çıxış etdi. O,
hesabat dövrü ərzində görülən işləri diqqətə çatdırdı. Qeyd etdi ki, Gənclər
Birliyi tərəfindən ulu öndər Heydər Əliyev irsinin araşdırılması, öyrənilməsi
və təbliğ edilməsi, ölkə prezidenti, partiyamızın sədri cənab İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mühüm islahatlara, ölkəmizin
hərtərəfli inkişafına hədəflənmiş fəaliyyətinə həsr olunmuş ideoloji işlərin
aparılması, gənclərin maarifləndirilməsi üçün təxirəsalınmaz işlər görülüb.
Həmçinin prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət gənclər
siyasətinin Binəqədi rayonunda uğurla həyata keçirildiyini söylədi. Bu
baxımdan, Binəqədi rayonunda gənclərin inkişafı üçün yaradılmış şəraiti və
görülən işləri xüsusi olaraq vurğuladı.
Hesabat məruzəsi ətrafında çıxış edən YAP Binəqədi rayon Təşkilatı Gənclər
Birliyinin fəalı Nicat Şükürlü bildirdi ki, bugün ümummilli lider Heydər
Əliyevin görmək istədiyi Azərbaycan gəncliyi formalaşıb. Ümummilli liderin
fəaliyyəti nəticəsində biz bu gün müstəqil, gündən-günə güclənən, inkişaf edən,
dünya birliyində layiqli yer tutan bir ölkədə yaşayırıq. Müasir Azərbaycan
gəncləri unutmurlar ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü
uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda
prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar.
Azərbaycanda dövlətçiliyimizə sadiq, prezident İlham Əliyevin xalqımızın
maraqlarına xidmət edən siyasətini dəstəkləyən böyük gənclər ordusu var. Qlobal
miqyasda gedən mənfi proseslər fonunda Azərbaycan gəncliyi öz prezidenti
ətrafında sıx birləşməli, vətənpərvərlik nümunəsi ortaya qoymalı, onu öz təsiri
altına salaraq, şəbəkələşdirərək milli dövlətçiliyimizə qarşı yönəltməyə
çalışan xarici qüvvələrə layiqli cavab verməyi bacarmalıdır. Müstəqil dövlətimizin
verdiyi imkanların nəticəsi olaraq, Azərbaycan gəncliyi öz sözünü deməyə və
müstəqil layihələri ilə dünya arenasında təmsil olunmağa qadirdir. Gənc fəal
Binəqədi gənci olaraq rayon gəncləri adından onlara göstərdiyiniz etimadı
doğruldacaqlarına əminliklə söz verdi.
Daha sonra hesabat məruzəsi ətrafında çıxış edən Binəqədi Rayon Gənclər və
İdman İdarəsinin rəisi Elvin Aslanov ölkəmizdə həyata keçirilən dövlət gənclər
siyasətindən bəhs etdi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
uğurlu gənclər siyasətinin bu gün də dövlət başçısı cənab İlham Əliyev
tərəfindən uğurla davam etdirildiyini bildirdi. Ölkəmizdə gənclər üçün
yaradılan yüksək şəraitdən, onlara göstərilən diqqət və qayğıdan danışdı. Onun
sözlərinə görə Binəqədi rayonunda da gənclər siyasəti ardıcıl olaraq həyata
keçirilir. Gəncləri hərtərəfli inkişafı, bilik və bacarıqlarının artırılması,
yüksək fəallığa malik potensial gənclər olaraq yetişmələri istiqamətində mühüm
işlər görülür. Görülən işlərində YAP Binəqədi rayon Təşkilatı Gənclər
Birliyinin fəallarının yaxından iştirak etdiklərini diqqətə çatdırdı. O,
həmçinin Binəqədi Gənclər Evinin fəaliyyəti barədə məlumatlar çatdırdı.
Hesabat məruzəsi səsə qoyularaq qəbul edildikdən sonra gündəlikdə duran digər
məsələlər – YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin 37 nəfərdən ibarət
Şura və 21 İdarə Heyətinin üzvlərinin tərkibləri müzakirə olunaraq təsdiq
edildi. Həmçinin yığıncaq iştirakçılarının səsverməsinə əsasən Fəsli Nəbiyev
sədr, Nigar Məmmədova, Anar Əliyev və Fərhad Hacıyev isə sədr müavinləri
seçildilər.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında
bildirdi ki,
əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilən düzgün siyasətin nəticəsidir ki,
Azərbaycanda bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsi də uğurla inkişaf
edir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident
İlham Əliyev hər zaman gənclərin yanında olmuş və hər zaman onlara dəstək
vermişdir. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi
naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin
edilməsi və dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi
məqsədilə kompleks tədbirlər həyata keçirir. Bu siyasət ardıcıl olaraq davam
edir. Seymur Orucov bildirdi ki, ölkəmizdə bütün sahələrdə layiqincə təmsil
olunan gənclər içərisində Yeni Azərbaycan Partiyasının gənclərinin xüsusi rolu
var. Belə ki, partiyanın gəncləri öz yüksək intellektual potensialı, savadı,
bacarığı və dövlətə, ulu öndərin ideyalarına göstərdikləri sədaqətlə daim
fərqlənirlər. Ölkəmizin iqtisadi sahədə qazandığı uğurlardan da bəhs edərək
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin çəkilməsini, "Əsrin müqaviləsi”nin
müddətinin 2050-ci ilə qədər uzadılmasını, 2 milyardıncı neftin hasil
olunmasını dövlət başçısı cənab İlham Əliyevin məqsədyönlü iqtisadi və siyasi
islahatlarının tərkib hissəsi adlandırdı. Çıxışının sonunda Binəqədi
gənclərinin aktivliyindən danışaraq partiyanın bütün tədbirlərində, həmçinin
sosial mediada təbliğat işlərinin qurulmasında uğurla çalışdıqlarını nəzərə
çatdırdı.
Hesabat-seçki yığıncağında Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul
edilmiş bir qrup şəxsə partiya üzvlük vəsiqələri təqdim edildi. YAP Binəqədi
rayon Təşkilatının ictimai-siyasi həyatına fəal iştirakına görə bir qrup gənc
fəxri fərmanla təltif olundu.
Hesabat-seçki yığıncağında yekun nitq söyləyən Binəqədi Rayon İcra
Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ölkə prezidenti cənab İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən, dövlətçiliyimizin möhkəmlənməsinə
və xalqımızın rifahına hesablanmış mühüm islahatlardan söhbət açdı. Qeyd etdi
ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin
müəyyənləşdirdiyi strategiyanın prezident İlham Əliyev tərəfindən uğurla həyata
keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Təxirəsalınmaz və
müdrik siyasi strategiyanın nəticəsidir ki, ölkəmiz müxtəlif sahələrdə uğurla
inkişaf edir. Bu gün müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə iqtisadi və
siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında
islahatçı ölkə kimi yer tutması onu sübut edir ki, ölkəmizin seçdiyi yol
düzgündür və bu yol bizi daha uğurlu gələcəyə aparır. Azərbaycan Prezidenti
İlham Əlıyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin,
dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir.
Xaləddin İsgəndərov Binəqədi gənclərinə böyük ümid bəslədiyini bildirərək
onların dövlətimizi və xalqımızı daim ləyaqətlə təmsil edəcəklərinə əminliyini
vurğuladı. Həmçinin bütün gənclərimizi dövlət başçısı cənab İlham Əliyevin
ətrafında sıx birləşməyə və dövlətimizə qarşı yönəlmiş bütün təhdidlərə qarşı
həmrəy olmağa çağırdı.








