RU
YAP Binəqədi rayon Təşkilatında “Heydər Əliyev irsini öyrənirik” məşğələsinin iştirakçıları ilə görüş keçirildi
12:02
309

YAP Binəqədi rayon Təşkilatında “Heydər Əliyev irsini öyrənirik” məşğələsinin iştirakçıları ilə görüş keçirildi

05 fevral 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında Binəqədi rayonunun orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Heydər Əliyev irsini öyrənirik” məşğələsinin iştirakçıları ilə görüş keçirildi. Görüşdə Binəqədi rayonunda fəaliyyət göstərən 30, 83, 100, 143, 179, 246, 248, 267, 276, 283, 284, 297, 300 saylı tam orta ümumtəhsil məktəblərindən 55 nəfər 11-ci sinif şagirdi iştirak etdilər.

Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov bütün şagirdləri salamlayaraq bu cür görüşlərin yüksək əhəmiyyətindən, şagirdlərin ictimai fəallığının artırılmasına verdiyi töhfələrdən  danışdı. Sədr ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin SSRİ dövründə və ölkəmizin müstəqillik illərində həyata keçirdiyi siyasi fəaliyyətinə geniş diqqət yönətdi. Onun dövlət təhlükəsizlik orqanlarında xidmət etməsindən, 1969-cu ildə hakimiyyətə gəlişindən, 1991-1992-ci illərdə Azərbaycanın düşdüyü çox ağır vəziyyətdən, iqtisadi böhrandan geniş bəhs etdi. 1991-ci ilin oktyabr ayında ölkəmizin müstəqillik qazanmasından, 1992-ci ildə 91 nəfər Azərbaycan ziyalısının müraciəti əsasında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasından danışdı. Xalqın istək və arzusu ilə yaradılan bu siyasi partiyanın çox keçmədən, 1993-cü ilin iyun ayında hakimiyyətə gəldiyini vurğuladı. Ulu öndər Heydər Əliyevi Azərbaycan üçün əsl fenomen adlandıran Ramiz Göyüşov onun siyasi kursunun layiqli davamçısı, dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyevin ölkəmizi tərəqqiyə aparan uğurlu islahatlarından da geniş bəhs etdi. Bu gün Azərbaycanın bütün dünyada öz nüfuzu və inkişaf göstəriciləri ilə seçildiyini diqqətə çatdırdı. Ramiz Göyüşov məktəbliləri dövlətimizə və dövlətçiliyimizə sadiq gənclər olaraq yetişməyi və milli mraraqlarımızı hər bir amaldan üstün tutmağı tövsiyyə etdi. Gənclərə gələcək təhsillərində və imtahanlarında uğurlar arzu etdi. Onlara vətənimiz və xalqımız üçün xeyirli, yararlı vətəndaşlar olaraq formalaşmağı arzu etdi.

Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov çıxış edərək ölkəmizdə və Binəqədi rayonunda aparılan gənclər siyasətindən danışdı. Dövlətimiz tərəfindən gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən və bu istiqamətdə görüləcək islahatlardan söhbət açdı. O, bütün şagirdləri öz fəaliyyətlərində daha prinsipial olmağa və öz üzərlərində çalışmağa dəvət etdi. Yüksək təhsil almaqla yanaşı, ictimai-siyasi proseslərdə aktiv olmağa və Azərbaycanımızın gələcək inkişfına öz töhfələrini verməyə çağırdı.

Görüşdə çıxış edən YAP Binəqədi rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva gəncləri bu cür savadlı və fəal olmalarının onda böyük qürur hissi oyatdığını bildirdi. Gənclərin ölkəmizin gələcəyi olduğunu və bütün işlərinə bu prinsiplə yanaşmalarını tövsiyyə etdi. Qeyd etdi ki, gənclər gələcəyin idarəediciləri olaraq daim fəal olmalı və ən mükəmməl səviyyədə təhsil alaraq vətəninə faydalı olmalıdır.

Görüşdə iştirak edən bütün şagirdlər özləri haqqında ətraflı məlumat verərək, gələcək planları barədə danışdılar. Onlar Azərbaycanın bu günkü inkişafı və gələcək hədəflərinin qürurverici olduğunu bildirdilər. Azərbaycan dövlətinin və ölkə prezidenti cənab İlham Əliyevin siyasətini, eləcə də bu istqamətdə görülən bütün işləri dəstəklədiklərini qeyd etdilər. “Heydər Əliyev irsini öyrənirik” məşğələsinin onlara böyük biliklər qazandırdığını vurğuladılar.

Görüşün sonunda Ramiz Göyüşov şagirdlərin müxtəlif mövzular ətrafında səsləndirdikləri sualları cavablandırdı və geniş fikir mübadiləsi aparıldı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ