RU
YAP Daşkəsən rayon təşkilatının idarə heyətinin iclası keçirilmişdir
12:32
850

YAP Daşkəsən rayon təşkilatının idarə heyətinin iclası keçirilmişdir

Bu gün, 04 fevral 2016-cı il tarixdə YAP Daşkəsən rayon təşkilatının idarə heyətinin iclası keçirilmişdir. Rayon təşkilatının qərargahında baş tutmuş iclasda idarə heyətinin üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, Gənclər Birliyinin və Qadınlar Şurasının üzvləri iştirak etmişlər.

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev çıxış edərək bildirdi ki, yanvarın 16-da Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsində 2015-ci ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub. Həmin müşavirədə Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 2016-cı ilin ölkəmiz, xalqımız və partiyamız üçün uğurlu olmasını arzulamış, bu ildə də partiyamızın yerli strukturları səmərəli fəaliyyət göstərərək ümumi inkişafa öz töhfələrini verəcəyini bildirmişdir.

Hörmətli Əli müəllim bildirmişdir ki, ötən il ərzində Azərbaycanın müasirləşməsi, modernləşməsi, beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi istiqamətində uğurlu siyasət həyata keçirilib. Onun sözlərinə görə, ötən il Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də ölkəmizin böyük uğurlarından biridir. 2015-ci ilin mühüm hadisələrindən biridə parlament seçkiləri olmuşdur.

Bu seçkilərdə xalqımız bir daha Prezident İlham Əliyevin siyasətinə səs verdi. Yeni Azərbaycan Partiyası mütəşəkkil qaydada seçki kampaniyası həyata keçirdi və qələbə qazandı. Seçki kampaniyasının uğurlu olmasında təbii ki, partiyanın rayon və şəhər təşkilatlarının fəaliyyətinin də böyük rolu var. YAP-ın Sədr müavini Əli Əhmədov eyni zamanda qarşıda duran vəzifələrlə əlaqədər partiyanın rayon və şəhər təşkilatlarının rəhbərlərinə də tövsiyə və tapşırıqlarını vermişdir.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev rayon təşkilatının bu il qarşısında duran vəzifələrin həyata keçirilməsi, YAP sıralarına qəbul, ilk partiya təşkilatlarının fəaliyyəti, partiyanın rayonda keçirəcəyi tədbirlər və digər məsələlər barədə danışmışdır. Həmçinin rayon ərazisində həyata keçirilən uğurlu layihələrdən, təntənəli açılışlardan, bütün tikinti, təmir və yenidənqurma işlərində və eləcə də keçirilən bütün tədbirlərdə, həmçinin rayonun ictimai – siyasi həyatında YAP Daşkəsən rayon təşkilatı yaxından iştirak edərək öz töhfəsini verdiyini qeyd etmişdir.

Meydanəli Yolçuyev yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır ki, yola saldığımız 2015-ci ilin may ayının 16-da Birinci Avropa Oyunlarının məşəli Daşkəsən rayonuna gətirilmiş, rayon əhalisinin böyük coşqu ilə qatıldığı Birinci Avropa Oyunlarının məşəlinin Qarşılanma və Estafet mərasimləri Bakı Avropa oyunları Təşkilat Komitəsi tərəfindən yüksək qiymətləndirilmiş Daşkəsən rayonu Birinci Avropa Oyunlarının “Xatirə” medalı ilə təltif edilmişdir.
2015-ci ilin 1 noyabr tarixində keçirilən beşinci çağırış Milli Məclisə seçkilərdə də rayon seçiciləri yüksək fəallıq göstərmiş, rayonumuzda seçkilər tam şəffaf və demokratik şəkildə baş tutmuşdur.
Bütün bu nailiyyətlərin əldə edilməsində rayon təşkilatının fəaliyyəti danılmazdır. Daşkəsən rayon İcra Hakimiyyətinin rayonun inkişafı ilə əlaqədar bütün sahələrdə dövlət qarşısında qaldırdığı məsələlərdə YAP Daşkəsən rayon təşkilatı da mütərəqqi fikirlərlə daima çıxış etmişdir.

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev çıxışın sonunda vurğulamışdır ki, YAP Daşkəsən rayon təşkilatı gələcək fəaliyyətində də qarşısında duran bütün vəzifələri layiqincə yerinə yetirəcək, Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsinin tələblərinə uyğun olaraq partiyanın tapşırıqlarının yüksək səviyyədə həyata keçirilməsinə çalışacaqdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ