RU
YAP gəncləri Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qətnaməni kəskin şəkildə pisləyirlər
13:09
1386

YAP gəncləri Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qətnaməni kəskin şəkildə pisləyirlər

Yeni Azərbaycan Partiyasının (YAP) gəncləri Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni kəskin şəkildə pisləyirlər. Azərbaycanın uğurlu müstəqil siyasət həyata keçirməsi və bunun nəticəsində də böyük uğurlar qazanması müəyyən xarici qüvvələri narahat edir. Bu qüvvələr ölkəmizin beynəlxalq müstəvidə nüfuzuna zərbə vurmaq üçün fürsət axtarırlar və daha çox mühüm hadisələr ərəfəsində qərəzli kampaniyalar həyata keçirirlər. Avropa Parlamentində ölkəmizlə bağlı qəbul olunmuş son qətnamə bu faktı bir daha təsdiqləyir.

Bu fikirləri YAP Gənclər Birliyinin sədri, YAP Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov xatırladıb ki, Avropa Parlamentində bundan əvvəlki qətnamə birinci Avropa Oyunları ərəfəsində qəbul olunmuşdu. Bu dəfə isə parlament seçkiləri kampaniyası dövründə analoji sənəd qəbul olunub. Bütün bunlar antiazərbaycançı mərkəzlər tərəfindən sistemli, məqsədli şəkildə həyata keçirilir.

Gənclər Birliyinin sədri qeyd edib ki, noyabrda Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar bütün dünyanın diqqəti ölkəmizdədir. Azərbaycan demokratik dövlətdir və qarşıdan gələn seçkilərin azad və ədalətli şəkildə keçiriləcəyi də şübhəsizdir. Azərbaycan dövləti belə bir siyasi iradəni ortaya qoyub. Amma müəyyən xarici qüvvələr seçki amilindən istifadə edərək beynəlxalq aləmdə ölkəmizin demokratik imicinə zərbə vurmağa çalışırlar. Biz bu təşkilatın bir çox nümayəndələrinin Azərbaycanda insan hüquqlarının pozulmasına dair qondarma problemi müxtəlif bəhanələr altında inadla və məqsədyönlü şəkildə gündəliyə gətirməyə çalışdıqlarının şahidi oluruq. Müasir dövrdə insan və vətəndaş hüquqlarının aliliyi dünyanın əksər ölkələri tərəfindən qəbul edilib. Azərbaycan da bu ölkələrin sırasına daxildir. Ölkəmizdə insan hüquqlarının və əsas azadlıqların təmin olunması üçün xeyli iş görülüb və bu iş indi də davam etməkdədir.

“Azərbaycan Konstitusiyasının üçdə bir hissəsi insan hüquq və azadlıqlarına həsr olunub. Ona görə də Azərbaycanı belə məsələlərdə ittiham etmək ən azı gülüş doğurur”, - deyə, YAP Gənclər Birliyinin sədri vurğulayıb.

YAP Gənclər Birliyinin çoxminli üzvlərinin də bu sənədi kəskin pislədiyini deyən S.Orucov vurğulayıb ki, təşkilat bununla əlaqədar kampaniyaya başlayıb. YAP-ın gəncləri bu qərəzli qətnamə ilə əlaqədar Avropa Parlamentinin prezidenti Martin Şults və qurumun digər üzvlərinin elektron poçtlarına etiraz məktubları göndərirlər. Eləcə də gənclər Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamə ilə əlaqədar sosial şəbəkələrdə etiraz kampaniyalarına başlayıblar. |azertag

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ