Hər iki nazir – həm Eldar Mahmudov, həm də Əli Abbasov işlərində çox ciddi nöqsanlara yol verdiklərinə görə vəzifələrindən azad olunublar.
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə nazirlik və qurumlarda aparılan kadr islahatlarını şərh edərkən belə deyib. O, açıqlamasında bildirib ki, Prezident lazım bilərsə hansısa naziri təyin etmə və ya işdən çıxarma səlahiyyətindən istifadə edəcək: “Naziri təyin etmək və vəzifəsindən azad etmək prezidentin səlahiyyətində olan məsələdir. Prezident lazım bildiyi halda və situasiyada bu səlahiyyəti həyata keçirir. Həm Milli Təhlükəsizlik naziri, həm də Rabitə və Yüksək Texnologiyalar naziri işlərində verdiyi çox ciddi qüsurlara görə vəzifələrindən azad olunub. Mətbuatda da bununla bağlı xeyli informasiyalar yayıldı. Həmin nazirlərin vəzifəsindən azad olunması onu göstərdi ki, prezident hökumətin üzərinə düşən əsas vəzifənin yerinə yetirilməsini qanunçuluğun qorumasında, sahibkarlığın işinə maneçilik törədilməməsində və insanların hüquqlarının qorunmasında görür. Hər iki nazirliyin rəhbərləri də bu situasiyada ciddi səhvlərə yol verdiklərinə görə vəzifələrindən azad olundular”.
Qeyd edək ki, milli təhlükəsizlik naziri Eldar Mahmudov və rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov prezidentin sərəncamı ilə vəzifələrindən azad olunublar. Hər iki nazir və nazirliyin əməkdaşları iş adamlarının sıxışdırılması, vətəndaşlarının hüquq və azadlıqlarının qanunazidd şəkildə məhdudlaşdırılması, ayrı-ayrı şəxslərin qanunsuz təqib edilməsi və dinlənilməsi kimi qeyri-qanuni əməllərinə görə təqsirləndirilirlər.aznews.az
7news.az








