2016-cı ilin iyulunda cəsədi Multan şəhərinin yaxınlığında tapılmış məşhur və qalmaqallı pakistanlı bloqer, model, aktrisa və müğənni Qandil Baloçun ölümü ilə bağlı daha bir şəxs həbs olunub.
26 yaşlı Baloçu qardaşı, Vasim Mohamməd Baloç qətlə yetirmişdi. İndisə Pakistanın tanınmış din xadimlərindən biri Müfti Əbdül Qəvi ölümdə əli olmaqda suçlanıb.

"Pakistanın Kim Kardaşyanı" kimi tanınan Qandil Baloç sosial şəbəkələrdə yarıçılpaq fotolarını və videolarını paylaşaraq məşhurlaşmışdı.
Əhalisinin əksəriyyəti mühafizəkar düşüncəli müsəlmanlar olan Pakistanda Qandil Baluçun erotik videoları, açıq-saçıq, yarıçılpaq vəziyyətdə çəkdirdiyi fotolar qalmaqallar yaradır, kütlədə qıcığa səbəb olurdu.
Qandilin qardaşı Vasim istintaq zamanı bacısını boğduğunu etiraf etmişdi.
İndisə bəlli olur ki, qətldən bir gün əvvəl Vasim Muhəmməd Baloç din xadimi Qəvi ilə dəfələrlə telefonla danışıb.

Qandil Baloçun ölümünə "fərman"ın da məhz "Molla Əbdül" kimi tanınan Qavinin verdiyi güman olunur.
Prokuror Zaur Rəhmanın dediyinə görə, Müfti Əbdül Qavi habelə, Vasim Muhamməd Baloçun kiçik qardaşı Vazim və dayısı oğlu Haqq Nəvazla da təmaslarda olub./milli
7news.Az













