2025-ci ilin ilk altı ayında Səhiyyə Nazirliyi Ananlitik Ekspertiza Mərkəzi tərəfindən keçirilən yoxlamalar zamanı yanvarda – 4, fevralda – 3, apreldə - 1, mayda – 2, iyunda – 2 olmaqla, ümumilikdə 12 cərrah fəaliyyəti göstərən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsi ilə tənbeh tədbiri görülüb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Ananlitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu cərrah fəaliyyəti göstərən şəxslərin beşi haqqında İXM-in 215.1-ci maddəsi (Özəl tibb fəaliyyəti üçün verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə), ikisi haqqında 215.3-cü maddəsi (İxtisaslaşdırılmış tibbi yardımın "Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada göstərilməməsinə görə) və beşi barəsində 215.4-cü maddəsi (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb fəaliyyətinə buraxılmasına görə) ilə protokol tərtib edilərək, növbəti icraat üçün aidiyyati quruma göndərilib.
"AEM vətəndaşlara tövsiyə edir:
Vətəndaşlar özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyət, şikayət və ya pozuntularla bağlı aşağıdakı vasitələrlə məlumat verə bilərlər:
•"Bir pəncərə” sektoru
•Qaynar xətt: (012) 596 05 20
•E-poçt: [email protected]
•Rəsmi sayt: www.pharma.az ("Müraciət” bölməsi)
Daxil olan müraciətlər hüquqi əsaslarla araşdırılır və zərurət olduqda müvafiq müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir",- deyə məlumatda qeyd edilib.








