Bugünlərdə 7News.az saytının redaksiyasına 2(004)-3924/2013 saylı iş üzrə tələbkar Yasin Hüseynov tərəfindən Yasamal rayon icra şöbəsi ilə ilginc məlumat daxil olub. Məlumatda icra şöbəsinin öz vəzifə səlahiyyətlərini icra edə bilməməsi, məsələyə biganə qalması və tələbkarın get-gələ salınması ilə bağlı şikayətlər yer alıb. Redaksiyamıza daxil olan müraciəti olduğu kimi təqdim edirik:
Yasamal rayon icra şöbəsində toz basmış icra vərəqinin icrası nə zaman təmin olunacaqdır ?
29.07.2013-cü il tarixdə Yasamal rayon məhkəməsində 2(004)-3924/2013 saylı mülki iş üzrə mənim xeyrimə qətnamə çıxarmışdır və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Mövcüd qanunvericiliyə görə qətnamənin icra müddəti 3 ay müəyyənləşdirilib, lakin həmin vaxtdan 27 ay keçməsinə baxmayaraq məhkəmənin icra vərəqinin icrası Yasamal rayonu icra şöbəsinin əməkdaşları tərəfindən təmin edilmir. Ötən dövr ərzində 6 dəfə Yasamal rayon icra şöbəsinin rəisinə yazılı müraciət edərək bu iş üzrə icra məmurunun qəbul etdiyi “icraata başlamaq haqqında qərarın” surətini və eləcə də icranın təmin edilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər haqqında sənədlərin surətlərini mənə göndərməsini xahiş etməyimə baxmayaraq icra şöbəsinin rəisi Zaur Abdullayev Azərbaycan Respublikasının “İcra haqqında” qanununun tələblərinə və eləcə də “vətəndaşların ərizə və müraciətlərinə baxılma və cavablandırma müddətlərinə" qeyri ciddi yanaşır və faktiki olaraq vəzifə borcunu yerinə yetirmir. Maraqlıdır, görəsən məhkəmənin qətnaməsinin Yasamal rayon icra şöbəsi tərəfindən icra edilməsinə və gördükləri tədbirlər haqqında iş üzrə tələbkara məlumat vermələrinə mane olan nədir (kimdir) və ya bunun səbəbi nədir ?
Hörmətli redaksiya bu məsələyə aydınlıq gətirilməsinə və Yasamal rayon məhkəməsinin icra vərəqəsini düşdüyü “qaranlıq quyudan” çıxarılaraq icraya yönəldilməsinə və məmur özbaşnalığına son qoyulmasına köməklik göstərəsiniz.
Hörmətlə, 2(004)-3924/2013 saylı iş üzrə tələbkar Yasin Hüseynov.
05.11.2015-ci il
7News.az








