İndi sizə Tovuzda yaşayan 9 yaşlı Səbinə Rüstəmovadan danışacağıq. Ağlı, bacarığı ilə həmyaşıdlarından seçilməyən balaca qızcığaz dördüncü dərəcəli skalioz xəstəliyindən əziyyət çəkir. Səbinə kürəyində daşıdığı yükün ağırlığını və arzularını TTV-nin mikrafonuna söyləyib.
Tovuzun Aşağı Öysüzlü kəndində yaşayan Rüstəmovlar ailəsinin iki qız övladı var. Evin sonbeşiyi - 9 yaşlı Səbinə dördüncü dərəcəli skalioz-onurğa sütünunun yanlara əyilməsi xəstəliyindən əziyyət çəkir. Skalioz onurğa sütununun öz oxu ətrafında fırlanması ilə xarakterizə olunub, döş qəfəsinin, çanağın və kürək sümüklərinin də qeyri-simmetrik yerləşməsinə səbəb olur.
Səbinənin yaşı az olsa da, hər şeyi başa düşür. Tez-tez anasına nə vaxt sağalacağı barədə suallar verir. Anasının ümidverən cavabları isə onu kitablara, oxumağa həvəsləndirir. Ev şəraitində təhsil alan balaca qəhrəmanım gözəl şəkillər də çəkir. Çəkdiyi şəkillərin çoxu isə vətənpərvərlik mövzusundadır. Özünün stolüstü bayrağı və çəkdiyi bir şəkli də var. O da "Qəhrəman Azərbaycan qızı"dır. Səbinənin arzusu böyüyəndə həkim olmaqdır.
Səbinənin bir kurs müalicəsi üçün 1000 manat lazımdır. Maddi durumu aşağı olan ailənin isə övladlarını vaxtaşırı müalicə etdirməyə gücü çatmır. Qızcığaz bir dəfə dövlət dəstəyi ilə ölkə xaricində müalicə olunub. Ancaq bu, onun arzularının reallaşması üçün kifayət etməyib. İndi Səbinənin də, ailəsinin də yeganə ümid yeri Allaha dua etməkdir.
İndi hər keçən gün balaca müsahibimin vəziyyətini daha da pisləşdirir. Ümid edirik ki, uca yaradan Rüstəmovlar ailəsinin, xüsusilə də Səbinənin dualarını eşidəcək, səslərinə səs verən olacaq. O da həmyaşıdları kimi parta arxasında oturacaq.
7news.az








