Tərtər Rayon İcra Hakimiyyətindən verilən məlumatda 4 gün ərzində rayon ərazisində ümumilikdə 162 fərdi yaşayış evinə ziyan dəydiyi bildirilir. Bunlardan 22-si tamamilə dağılıb, 125 evə nisbətən ziyan dəyib. 22 yardımçı təsərrüfat dağılıb. 10 iribuynuzlu, 100 xırdabuynuzlu heyvan, min baş toyuq cücə, heyvan tələf olub.
7News.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, 2 məktəb binası, bir həkim ambulatoriyası və digər sosial yönümlü obyektlər ziyan görüb. Rayon rəhbərliyi vəziyyətlə yaxından tanış olmaq məqsədilə ziyanın çox dəydiyi Qapanlı kəndidə olub. "Hazırda, "Azəriqaz", "Azərişıq", "Azərsu"nun nümayəndələri burdadır. Dəyən ziyanı aradan qaldırırlar. Özləri dəyən ziyan hesablayacaqlar. O sahədə onların öz tapşırıqları var. Kəndlərimizin hamısında işıq var, bir Qapanlıdan başqa. Çalışıb gün ərzində Qapanlının işığını, qazını bərpa edəcəyik" - deyə Tərtər RİH-nin başçısı Müstəqim Məmmədov bildirib.
Qapanlı kənd sakinləri isə dağılan evlərinə və onlara dəyən ziyana görə heç də narahat olmadıqlarını ifadə ediblər. "Mənim üçün bu evin bir manat dəyəri yoxdur. Mənim üçün torpağımın dəyəri var. O torpağımdan əgər bir azca alınıbdırsa, qürur hissi duyuram. Heç hara gedəsi deyilik. Burada yaşayacağıq", - deyə Qapanlı kənd sakini Abbas Abbasov vurğulayıb. Yerli sakinlər hər an döyüşə hazır olduqlarını bildiriblər.
7News.Az








