Hüquqşünas-yazıçı Rüsrəm Mirzəyev yeni çapdan çıxan "Prokuror” və "Qızıl şar” adlı kitablarını azadlıqdan məhrum olan qadınlara göndərib.
7news.az xəbər verir ki, "Əgər yolayrıcındasansa, onda ən çətin yolu seçməkdən qorxma” deyən müəllif ilk oxucularını özü seçib.
"Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı" İctimai Birliyinin "Bir kitab, bir həyat” layihəsinə qoşulan Rüstəm Mirzəyev cinayət və ədalət müstəvisində yazdığı əsəri ilə məhkum qadınlara mənəvi dəstək olacağını düşünür. Müəllif, olduqları yerin mahiyyətini dərk edib, gələcək addımlarını doğru seçmək üçün "Prokuror” adlı bədii əsərinin onların hafizəsində iz qoyacağına əmindir.
Qeyd edək ki, "Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı" İctimai Birliyi "Bir kitab, bir həyat” layihəsinə start verib. Artıq layihəyə yazarlar və bir sıra təşkilatlar qoşulub.
Birliyin sədri Firuzə Cəlilova kitab hədiyyə etmək istəyən hər kəsin bu çağırışa qoşula biləcəyini deyib: "Bu layihə hər kəs üçün açıqdır. İstənilən şəxs öz şəxsi kitabxanasından bir kitabı məhkum qadınlara ayırmaqla onlara həyata bağlanmaqda kömək edə bilər”.










