RU
Yazıçılar məhkəmədə “Google”a uduzdu
17:21
1145

Yazıçılar məhkəmədə “Google”a uduzdu

ABŞ-da iri yazıçılar gildiyası (birliyi) ilə “Google” korporasiyası arasında 11 ilə yaxındır davam edən məhkəmə çəkişməsi texnoloji şirkətin xeyrinə nəticələnib.

7News.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Ali Məhkəmə qərar qəbul edib ki, müəlliflərin iddia etdiyi kimi, “Google”un kitabları icazəsiz götürərək öz məhsullarında istifadə etməsi qanunsuzluq deyil. Ali Məhkəmə son instansiya olduğu üçün qərar qətidir.

“Google” kitabların skan edilməsinə 2004-cü ildə başlayıb. O, öz axtarış sisteminə qoşulmuş məlumat bazası üçün kitablardan hissələr daxil edir. Baza milyonlarla kitab adı arasından axtarış aparmağa, ayrı-ayrı səhifələri və bölümləri oxumağa imkan verir. 2005-ci ildə gildiya və ayrı-ayrı müəlliflər şirkətə qarşı məhkəmə iddiası qaldırıblar. Yazarlar sübut etməyə çalışıblar ki, “Google”un addımı onların öz işlərindən gəlir əldə etməsinə mane olur. Şirkət isə özünü belə müdafiə edib ki, məlumat bazası müəllif hüquqlarını pozmur, sadəcə, rəqəmsal dövr  üçün kartoteka kataloqu funksiyası yerinə yetirir.

“Google” 2013-cü ildə bildirib ki, dünyanın müxtəlif kitabxanalarından 30 milyondan çox kitabı rəqəmsallaşdırıb. Ümumilikdə 100 milyondan çox kitabın rəqəmsallaşdırılması planlaşdırılır.  

Şirkət məhkəmədə uduzsa, ona qarşı milyardlarla dollar həcmində məhkəmə iddiaları qaldırılması üçün hüquqi əsas yaranacaqdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ