Tarixi faktlar təsdiqləyir ki, "Dənizdən-dənizə Ermənistan" xülyası ilə yaşayan ermənilər xarici havadarlarının köməyilə müxtəlif dövrlərdə azərbaycanlılara və türklərə qarşı amansız terror, soyqırımı siyasəti həyata keçirmiş, etnik təmizləmə siyasəti aparmışlar. Erməni terrorizminin qanlı fəsadları təkcə böyük türk dünyasının deyil, bütün bəşəriyyətin başı üstünü qara kabus kimi bürüməklə, insanlığa qarşı yönəlmiş ən amansız, dəhşətli cinayətlərə rəvac vermiş, əsrlər boyu bu vandalizmin ağrılarını çəkən Azərbaycan xalqının təhtəlşüurunda dərin izlər buraxmışdır.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü dünyanın yeni münaqişələr tarixinə beynəlxalq hüquqi normaların kobudcasına pozulduğu faktlardan biri kimi yazılmış və Azərbaycan üçün ağır nəticələrə səbəb olmuşdur. Bu vandal siyasət nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 20 mindən çox vətəndaşımız qətlə yetirilmiş, 50 mindən çox insan yaralanmış, şikəst olmuşdur. Bir milyona yaxın əhali 20 ilə yaxındır ki, doğma yurd-yuvasından didərgin düşərək işğalçı Ermənistanın etnik təmizləmə və soyqırımı siyasətinin qurbanı olmuşdur. Bütün bunların fonunda bədnam erməni lobbisinin apardığı həqiqətə uyğun olmayan məkrli, iftira xarakterli təbliğata qarşı effektiv əks-hücumun təşkili və təcavüzkarın beynəlxalq səviyyədə ifşası baxımından elmi ictimaiyyətin üzərinə mühüm vəzifələr düşür. Azərbaycan Prezidenti cənab İlham Əliyev hələ 2005-ci ilin dekabrında AMEA-nın 60 illiyi ilə bağlı təntənəli yubileydəki çıxışında bu məqama xüsusi toxunaraq demişdir: "Xarici mətbuatda Azərbaycan haqqında həqiqəti əks etdirməyən, tamamilə yalan, böhtan xarakterli məlumatlar kifayət qədərdir. Onların böyük hissəsi erməni lobbisinin sifarişi ilə işıq üzü görübdür. Bu sahədə daha böyük işlər görülməlidir, elm adamları təbliğatda daha fəal olmalıdır.Mənümidedirəmki,bizimfəallığımızgözəlnəticələriniverəcəkdir".
Son illər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılıb nəşr edilmiş kitablarda bu münaqişənin kökləri hərtərəfli araşdırılır, ermənilərin Azərbaycana qarşı ərazi iddialarının istər tarixi, istərsə də beynəlxalq hüquq normaları baxımından əsassızlığı önə çəkilir. Bakı Dövlət Universitenin hüquq fakültəsinin professoru, Rusiya Hüquq Elmləri Akademiyasının həqiqi üzvü, İnsan Hüquqları və Vətəndaş Cəmiyyəti Naminə İctimai Birliyin sədri Məhəmməd İmanlının müəllifliyi ilə bu günlərdə nəfis tərtibatda işıq üzü görmüş "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir: problemə tarixi baxış və bəzi beynəlxalq cinayət hüququ məsələləri" adlı kitab da öz sanbalı, elmi-fəlsəfi, eləcə də siyasi-hüquqi məzmun yükü ilə mühüm əhəmiyyət kəsb edən nəşrlərdəndir.
Bayramova Şəbnəm
Nəsimi rayonu








