RU
Yeni toy modeli
18:23
19230

Yeni toy modeli

Dəvətnamə alanda dilxor oldunuzmu?

Dəvətnamə verəndə utandınızmı?

Sizin neçə nəfərin qarşısında “toya pul yazdırmaq” öhdəliyiniz var?

Siz heç toya çağırılanda evdəki toy siyahınıza baxıb, “o nə qədər yazdırmışdı” deyə bir araşdırma aparmısınızmı?

Və ən dəhşətlisi - olubmu ki, dəvət olunduğunuz toya gedə bilməyəndə toy sahibi zəng edib deyə ki, mən sənin toyuna filan qədər yazdırmışdım, xahiş edirəm pulumu qaytar...

Toylarla bağlı yaranan  bu öhdəlik, borc asılılğı miqyasına görə banklar qarşınıdakı öhdəliyimizdən daha böyükdür.  Bu zəncirvari öhdəliklər seriyasını davam etdirmək üçün imkansız deyilikmi indi?

Bağışlamaq zamanı deyilmi?

Axı hamımızı asılı, öhdəlikli, borclu edən o vəsaitin böyük hissəsi  cütlüyə yox, şadlıq evlərinin sahiblərinə çatır. Biz onları varandırmaq üçün niyə bu qədər əldən ayaqdan gedirik ki?

Yediyimiz, yeyə bilmədiyimiz, heç vaxt yemədiyimiz,yemək üçün yaramayanqidaların düzüldüyü masa olmasa evlilik baş tutmayacaqmı?

Və ya bir evliliyə həqiqətən sevinmək üçün mütləq mayonezli salatlar  yemək məcburiyyətindəyik?

Sualları sabaha qədər uzatmaq olar. Sabahımızsa bir az çətinliyə açılacaq. Bu qaçılmazdır. Bütün günü  qənaətdən danışırıqsa, hələ böhrandan əvvəl  “israfçılıq” dediyimiz məclislərə son verməyin  zamanıdır!

Təklif:

  1. Öhdəliklərin bağışlanması –Təklif etdiyim modelin tətbiqi üçün ilk və ən çətin addım budur. Toy borclarını bağışlayın. Bu gün bankların öhdəliklərimizi bağışlanmasını, güzəştlər tətbiq etməsini gözləyiriksə, bu məsələdə özümüz-özümüzə güzəşt etməliyik.Bu güzəşt kütləvi hal alsa, uduzan tərəf olmayacaq. Əksinə, hamımız qazanarıq.

 

  1. Qonaqlar - toyunuza 100 nəfərdən artıq adam dəvət etməyin.Hər halda 100 nəfərlik siyahıya ən yaxın qohum və dostları daxil etmək olar. İnanın ki, sabah sizi yolda görüb, incik şəkildə  “məni niyə çağırmamışdın?”soruşan adam ürəyində sənə ailə səadəti arzulayır!

 

  1. 3.     Qida –toyun əvvəlində qonaqlara çay dəstgahı təqdim olunur. Bir neçə saat sonra süfrəyə xüsusi təntənə ilə aşgətirilir. Toyun sonuna yaxın tort kəsilir. Spirtli içkinin verilməsində israrlısınızsa şirniyyyatla içilən – konyak kimi içkilərdən istifadə etmək olar. (İmkana uyğun olaraq). Bu qidalar üçün şadlıq evinin mətbəxindən istifadə etməmək mümkündür. Məsələn, şirniyyatların bir qismi əvvəlcədən evdə bişirilsə, alınsa daha yaxşıdır. Beləliklə, şadlıq evinin xərclərinə yalnız yer pulu və xidmət daxil olacaq. Bu isə düzgün hesablansa 8-10 manatı keçə bilməz.

 

  1. Musiqi –ansanmbl üzvlərinin azaldılması. Etiraf edək ki, gənclərin üstünlük təşkil etdiyi toylarda təxminən saaat 21:00-dan sonra musiqiçilərə güc düşmür. Əsasən audio disklərdən istifadə edilir. Milli musiqiləri kiçik bir musiqi qrupu, müasir musiqiləri isə audio avadanlıqlar vasitəsilə səsləndirmək mümkündür. Əgər toyda aparıcı varsa, inistrumental ansamblla (yəni müğənnisiz) da keçinmək olar. Ümumiyyətlə hər saat ərzində azı 15 dəqiqə lirik musiqilər səsləndirib, qonaqların ünsiyyətdə olmasını təmin etmək lazımdır. Bu toyun daha canlı keçməsinə şərait yaradacaq.

 

  1. 5.     Müddət – indi şadlıq evlərindəki toylar təxminən 5 saat davam edir:18:00 –dan  23:00-a kimi.İnditıxaclara görə, bəy gəlin zala təxminən 20:00 radələrində çatır. Bu 2 saat itən vaxtdır. Beləliklə, əslində toyun müddətini 3 saata qədər azaltmaq mümkündür. Bu şadlıq evinə, musiqiyə, kirayə götürdüyünüz avadanlıq və digər vasitələr görə ödyəcəyiniz vəsaiti də azaldacaq.

 

  1. Nəmər –hər qonaq kənarda qoyulan qutuya yaxınlaşır. Orada zərf yox sadəcə rəngli kağız parçaları qoyulur. Hər kəs öz arzularını yazır, imza qoyur (bu həm də toyda iştirakını təsdir edir) Həmin kağızla yanaşı qutuya gücü çata biləcəyi məbləği də atır. Amma bu məbləğı kağızda qeyd etmir! Öhdəlik yaratmır! İnanın ki, 20-30 AZN-də toy sahibinə sərfəli olacaq. Ürəklə atın bu məbləği – çünki bu pulun böyük hissəsi həqiqətən yeni evlənən cütlüklərə çatacaq. Şadlıq evinin müdirinə yox.

 

Bunlara əməl etmək üçün toylara yazdırdığınız bütün pulları unudacaq biriradə göstərin. Təsəvvür edin ki, həmin pulları devalvasiya zamanı bankda itirmisiz. Etdiklərinizi unudun ki, etdiklərini unutsunlar. Buzəncirvari prosesdir. Hamımız etməsək, heç birimiz etməyəcəyik.

Sizi əmin edirəm - bu sadalananları tətbiq etsək, toyda daha rahat oturacaq, daha çox şənlənəcəyik. Bəy və gəlinə daha çox diqqət yetirməyə vaxtımız olacaq.

Sizi əmin edirəm -  toyunuzu belə yığcam etsəz, daha çox qazanacaq, daha ürəkli olacaqsız. Daha toydan əvvəl borc götürüb, həyəcanla toyun sonunu gözləməyəcəksiz. Qutunu açıb hesablama aparanda təzyiqiniz yüksəlməyəcək.

Həm toy edən, həm də toya gələn. Gəlin, toya baxışımızı dəyişək, daha doğrusu düzəldək - bu yeni bir ailənin qurulması münasibətilə qurulan mərasimdir!

Bu təkliflərə nağıl kimi baxmayın. “Şadlıq evləri bu şərtlə razı olmaz” deməyin. Şərti sifarişçi müəyyənləşdirir, satıcı yox!

P.S Əminəm ki, heç kim bu şərtlərə əməl etməyəcək.

NİCAT QAFUROĞLU 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ