RU
Yolu düzgün keçməyənlər 15 sutka həbs edilə bilər - FOTOLAR
18:56
556

Yolu düzgün keçməyənlər 15 sutka həbs edilə bilər - FOTOLAR

Qayda pozan piyadaları həbs gözləyə bilər. Bununla bağlı yol hərəkəti təhlükəsizliyi üzrə qanunvericiliyə yaxın zamanlarda dəyişiklik edilməsi nəzərdə tutulur. 

7News.az xəbər verir ki, hazırda məsələ ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməsi üçün təkliflər hazırlanır. 


Təkliflər arasında ən diqqət çəkəni isə piyadalarla bağlıdır. Əgər təklif qəbul edilərsə yol hərəkəti qaydalarını pozan piyadalarla həbs olunacaq. Belə ki, yolda hərəkət hissələrini ayıran məhəccərin üstündən keçən piyadaların 15 günədək inzibati qaydada həbs olunması təklif olunur. 

Yolun ortasında quraşdırılan dəmir və ya beton arakəsmələrin üzərində tullanaraq yolu keçən piyadaların şəxsiyyəti nəzərə alınmaqla, 15 gün inzibati həbs cəzası ilə cəzalandırılması təklifinin zərurətdən irəli gəldiyi bildirilir. Hazırda isə İnzibati Xətalar Məcəlləsində piyadalarla bağlı 4 maddə üzrə məsuliyyət nəzərdə tutulur. Onların da hər birinin cəriməsi 20 manatdan ibarətdir.

Qaydaları pozan piyadaların cərimə edilməsi artıq bir neçə ildir davam etsə də, istənilən nəticəni vermir. Hələ də yerüstü, yeraltı piyada keçidi ola-ola yolu hoppana-hoppana keçənlər var. Amma bəzən bu hoppanmanın sonu ya xəstəxanada, ya da məzarıstanda bitir. Çünki yüksək sürətlə hərəkət edən avtomobillərin önündə sağa-sola qaçmağın sonu həyat üçün təhlükəlidir. 

Nədənsə vətəndaşlarımızın böyük hissəsi bunu anlamır. Ağır qəzalar, can itkisi, bədbəxtlik baş verəndən sonra isə peşman olmağın heç bir mənası qalmır. Piyadaların yolu keçərkən avtomobillər tərəfindən vurulması barəsində tez-tez xəbərlər yazılır. Maarifləndirmə və cəza tədbirləri görülür. Amma fayda vermir. 

Hazırda qüvvədə olan 20 manat cərimə də insanları bu yoldan çəkindirə bilmir. Əgər həbs təklifi qəbul edilərsə, bəlkə bu problem öz həllini tapar. Musavat.com saytının əməkdaşı paytaxt Bakıda piyadalarla bağlı kiçik müşahidə aparıb. 

Müşahidəmiz zamanı məlum oldu ki, əsasən insanlar yeraltı keçid və piyada zolağı olmasına rəğmən yenə də yolu təhlükəli formada adlamağa üstünlük verirlər. Sıxlıq olan yerlərdə 5 dəqiqə ərzində 30 nəfər yolu təhlükəli şəkildə keçir. Əvvəlcə onların fotolarını çəkdik, daha sonra isə yaxınlaşıb nə üçün piyada keçidindən istifadə etmədiklərini soruşduq. 

Bakı sakini olan 24 yaşlı Vəli Dünyamalıyev sualımıza belə cavab verdi: "Tələsirdim sadəcə. Həm də nə olacaq ki? Sağa-sola baxıram da, vurmaz, qorxmayın". 

Əslində qorxacaq olan biz deyildik, amma 24 yaşlı gənc bunu anlamadı. 

34 yaşlı Dadaş Xasayev isə tənbəllik etdiyini dedi: "Keçidə düşməyə ərindim. Geri qayıt, pilləkən düş, sıxlıqla get, pilləkən qalx, ehhh... Uzun məsələdir". 

Danışdığımız sakinlərə yeni qəbul edilə biləcək qərarla bağlı söz açdıq. Onlardan bu barədə də fikir öyrəndik. Fikirlər demək olar ki, eyni oldu. Hər kəs belə qərarın düzgün olmadığını, bu qədər sərt cəzanın qəbuledilməz olduğunu dedi: "Adi bir yol qaydasını pozmağa görə adamı 15 sutka həbs etməzlər. Bu düzgün deyil. Çox sərt cəza olar. Vəziyyət daha da pisləşər. Hər şeyi cəza prinsipi ilə idarə etmək olmaz. Otursunlar, alternativ düşünsünlər". 

Sürücülər isə ən sərt qərarın qəbul edilməsinin tərəfdarıdırlar. Məsələn, 23 ildir taksi fəaliyyəti məşğul olan Cavad dayı deyir ki, piyadalar heç cür qaydalara riayət etmirlər və bu problemin sonu ölümlə bitir: "Altmışlıq yolla gedirəm. Qəfil qabağımdan kimsə kenquru kimi hoppana-hoppana qaçır. Əyləci var gücümlə basıram ki, onu vurmayım. Baxıram ki, adamdır, amma özünü kenquru kimi aparır. Nə özünü düşünür, nə də bizi. Keçid var da, oradan niyə istifadə etmirlər? Bu camaat illərdir adi şeyi öyrənə bilmir. Piyada yolu düz keçmir, maşın vurur. sonra yapışırlar yazıq sürücünün boğazından ki, "Sən elədin, sənin günahındır"". 

Əslində bu təklifin qəbul ediləcəyini və ya edilməyəcəyini zaman göstərəcək. Əslində cəza ağır görünür. Amma normal cəmiyyətdə heç 20 manat cərimə də tətbiq edilmir. Hər kəs öz can sağlığını qoruyur, qanuna riayət edir. //musavat.com

7News.az

 



















BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ