Yunanıstanda dərs zamanı maska taxmayan müəllim üç illik möhlətlə 12 ay müddətinə həbs cəzasına məhkum edilib.
Bu barədə "Mega” kanalı məlumat yayıb.
Bildirilib ki, Attikanın İmitos rayonunda peşə məktəbində işləyən müəllimin maskasız halda sinifdə olması və uşaqların onu maska taxmağa səsləməsi ilə bağlı görüntülərin internetdə yayılmasından sonra o, həbs olunub.
Sürətləndirilmiş prosedura əsasən keçirilən məhkəmə, səs çoxluğu ilə müəllimin günahkar olduğunu təsdiqləyib, lakin əvvəlcədən qanunları pozmaması yüngülləşdirən hal kimi yekdilliklə qəbul edilib.
Kanalın verdiyi məlumata görə, müəllim məktəb müdirinə və şagirdlərinə otit (qulaqda iltihaba səbəb xəstəlik) səbəbindən maska taxmaq üçün ara verməli olacağını, ancaq özünü koronavirusdan qorumaq üçün bütün digər tədbirləri görəcəyi barədə xəbərdarlıq etdiyini bildirib.
Qeyd edək ki, Yunanıstan hökuməti fevralın 25-də qəbul etdiyi "Koronavirusun yayılmasının qarşısını almaq və məhdudlaşdırmaq üçün təcili tədbirlər” barədə qərarına əsasən, tədbirləri pozanlar cərimə ilə yanaşı, iki ilədək həbs cəzası ilə də üzləşirlər.








