RU
Özbəkistanda keçirilən turizm və səyahətlər sərgisində Azərbaycan təmsil olunmuşdur.
11:42
1587

Özbəkistanda keçirilən turizm və səyahətlər sərgisində Azərbaycan təmsil olunmuşdur.

Cari il 18 aprel tarixində Daşkəndin Mərkəzi Sərgi Sarayında rəsmi açılışı olan "İstirahət dünyası 2016" Daşkənd  IV beynəlxalq turizm sərgisinə maraq böyük olub.

Ölkəmizi Beynəlxalq sərgidə Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki
Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təmsil ediblər.

Sərginin əsas məqsədi Özbəkistanın, habelə dünya ölkələrinin turizm resurslarını təbliğ etmək, turizm şirkətləri arasında əlaqələri genişləndirmək, şirkətlər və turistlər üçün faydalı turpaketlər təqdim etməkdir.

Beynəlxalq sərginin  açılış mərasimində çıxış edən "Özbəkturizm" Milli Şirkətinin sədri Fərrux Rizayev Özbəkistanın turizm potensialı, ölkədə inkişaf edən turizm sənayesi haqqında məlumat verib. O, sərgidə Özbəkistanın bütün regionlarından, xüsusi ilə ilk dəfə olaraq qədim tarixə malik Sırxandərya, Sırdərya əyalətlərinin ekskluziv turizm resurslarının təqdim olunacağını qeyd edib.

Sərginin rəmzi açılış lenti kəsilib, bədii hissədə Özbəkistanın tanınmış sənətçiləri çıxış etmiş, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs kollektivi milli rəqslərimizi ifa ediblər.

Builki sərgidə Özbəkistanla yanaşı, Azərbaycan, Malayziya, Türkiyə, Çin, İspaniya, Fransa, Çexiya, Ukrayna, Sinqapur və s. ölkələr öz turizm resurslarını təqdim ediblər.

Daşkənd  IV beynəlxalq turizm sərgisinin builki əsas mövzusu tibbi, müalicəvi turizm və bu sahədə təqdim olunan turizm resursları olub.

Sərgidə turizm sahəsi üzrə dünyanın öndə gedən şirkətləri, otelləri öz məhsullarını iştirakçılara nümayiş etdirməklə yanaşı, hazır turpaketlər təqdim edilib.

Azərbaycan sərgisinə böyük maraq olub. Sərgidə ölkəmizin dünya səviyyəli müalicəvi istirahət məkanları olan Naftalan, Naxçıvan-Duzdağ turizm obyektlərinin təqdimatını həyata keçirib.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliyi tərəfindən göndərilən çoxsaylı nəşrlər, buklet və broşurlar paylanılıb, "Чудесный Наталан" videoçarx nümayiş edilib, ölkəmizin turizmi, mədəniyyəti, milli mətbəxinə dair nəşrlər sərgilənib.

İştirakçılara Azərbaycanın turizm məkanları, paytaxt Bakı ilə yanaşı, regionlardakı  bütün turizm  marşrutları, tarixi abidələr haqqında məlumatlar verilib.

Özbək turistlər Naftalandakı müalicəvi  istirahət mərkəzləri, burada fəaliyyət göstərən  “Chinar Hotel SPA Naftalan”, "Qaşaltı", "Garabag Resort & Spa", Naftalan  Terapiya  Mərkəzində  müalicə, istirahət haqqında ətraflı məlumatlandırılıb.

Sərgi çərçivəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda 2015-ci ildə çap olunmuş özbək və rus dillərində “Муъжизавий Нафталан: Чудесный Нафталан" kitabçasının təqdimatı keçirilib.  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ