7NEWS.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib: "Bu gün xalqımız ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti, ordumuzun güc-qüdrəti ilə nail olunan zəfər sevincini yaşayır.
Ötən il sentyabrın 27-dən başlayan və 44 gün davam
edən Vətən müharibəsində dövlətçilik tariximizin ən parlaq səhifələri yazıldı,
düşmən üzərində möhtəşəm qələbə qazanıldı. Vətən müharibəsindən bir ay
sonra isə Azadlıq meydanında Zəfər paradı keçirən Azərbaycan bu Qələbəsini
bütün dünyaya nümayiş etdirdi.
Hazırda isə qarşıda duran ən əsas vəzifə, cənab Prezidentin də vurğuladığı kimi
işğaldan azad olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin həyata
keçirilməsidir. Cənab İlham Əliyev müharibədən sonra azad olunmuş ərazilərə şəxsən
səfər edir, həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı öz mesajlarını
verir.

Prezident İlham Əliyevin təşəbbüsü
ilə Qarabağın dirçəldilməsi prosesinə töhfə vermək məqsədilə Qarabağ Dirçəliş
Fondunun yaradılması da xalqımız və dövlətimiz üçün mühüm tarixi hadisədir.
Fond işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması, habelə güclü
iqtisadiyyat və yüksək rifaha malik bölgəyə çevrilməsi istiqamətində həyata
keçirilən layihələrə maliyyə dəstəyi göstərəcək.
Prezident cənab İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur
iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin
olunması ilə əlaqədar videoformatda qəbul edərkən də bildirmişdir ki, Zəngilan
rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır.
Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan
etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan
işğalçıları - hərbçilər istifadə edirdilər. Bir dənə də salamat kənd qalmayıb,
Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni
vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir, bir də onu göstərir ki,
Azərbaycan xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük bəladan – erməni
faşizmindən xilas etmişdir.
Hazırda Zəngilan rayonunda
böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin
tərkib hissəsi olan nəqliyyat infrastrukturu xüsusi rola malikdir. Bu il həmçinin
Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Zəngilan gələcəkdə beynəlxalq
nəqliyyat-logistika mərkəzi rolunu oynayacaqdır. Azad edilmiş torpaqlarda
Füzulidən sonra ikinci hava limanının məhz Zəngilanda yaradılması əlbəttə ki,
bizim həm iqtisadi, nəqliyyat, həm də təhlükəsizliklə bağlı məsələlərimizi həll
etmək üçün vacib addımdır. Zəngəzur dəhlizi isə artıq bu günün reallığıdır.
Prezident cənab İlham Əliyev çıxışı zamanı qeyd etmişdir ki, Zəngilan rayonunun
ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas
hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq
yükdaşımaları üçün yeni bir yol olacaq, beynəlxalq bir yol olacaq.
Bununla yanaşı, hazırda Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox
zolaqdan ibarət yol çəkilir.
İşğal dövründə Ermənistan rəhbərliyi Ermənistandan Cəbrayıla yol çəkmək istəyirdi. Həmin bu yol təbii ki, Zəngilandan keçməli idi. Onların bu ümidləri və ümumiyyətlə, bütün ümidləri Ali Baş Komandan cənab İlham Əliyevin müzəffər rəhbərliyi, qalib Ordumuzun rəşadəti sayəsində gözlərində qaldı.
Cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə həyata keçirilən böyük layihələr, SMART kənd layihəsi, Zəngilanda ermənilər tərəfindən dağıdılan tarixi-dini abidələrimizin bərpası, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə şəhər məscidinin yenidən qurulması, "DOST Aqropark”ın salınması bu rayonun Şərqi Zəngəzurun ən gözəl məkanlarından birinə çevriləcəyindən xəbər verir.”
Amil Qurbanov
7NEWS.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.7








