RU
79 kiloqram narkotik dövriyyədən çıxarıldı
14:32
615

79 kiloqram narkotik dövriyyədən çıxarıldı

Mayın 23-də narkotiklərin qanunsuz dövriyyədən çıxarılması istiqamətində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində güclü təsiredici xüsusiyyətə malik olan, ümumi çəkisi 79 kiloqram müxtəlif növ narkotik vasitə, o cümlədən 61 kiloqramdan artıq marixuana, 17 kiloqrama yaxın tiryək və 300 qrama yaxın heroin aşkarlanıb. 

Bu haqda 7news.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Biləsuvar şəhəri ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Qasımovdan çəkisi 16 kiloqram 830 qram tiryək və 285 qramdan artıq heroin götürülüb. 

Daxil olmuş məlumat əsasında Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Məmməd Şamxalova məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş 135 ədəd çətənə kolu aşkarlanıb.

Davam etdirilən tədbirlərlə onun evində əlavə olaraq çəkisi 57 kiloqram  345 qram marixuana, 2147 ədəd çətənə toxumu, iki ədəd elektron tərəzi, həmçinin müvafiq sənədləri olmayan iki tüfəng, altı ədəd patron, optik-gecəgörmə qurğusu və bir ədəd bıçaq tapılıb.

RPŞ əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində Qullar kənd sakini, əvvəllər məhkum olunmuş Bəşir Soltanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu aşkar edilərək götürülüb.  

İmişli Rayon Polis Şöbəsinin  əməkdaşları tərəfindən saxlanılan Şəki rayon sakini Çingiz Qarayevdə çəkisi 2 kiloqram 475 qram marixuana aşkarlanıb.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini Tariyel İsmayılovda 9,5 qram marixuana götürülüb. Əməliyyat-axtarış tədbirləri ilə onun idarə etdiyi "Opel” markalı avtomobildə isə əlavə 745 qram marixuana tapılıb.

Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində saxlanılan Qarabaqqal kənd sakini Raqib Mürsəlovda marixuana aşkarlanıb. Əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq 432 qram, idarə etdiyi "VAZ-2104” markalı avtomobilindən isə 17 qr marixuana götürülüb. 

Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub. 

Faktlarla bağlı cinayəti işləri başlanılıb. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ