RU
09:57
772

"9 Noyabr Bayraq Günü"nə həsr olunmuş tədbir keçirildi

TUMİB və ADU-nun Tələbə Gənclər Təşkilatı "9 Noyabr Bayraq Günü"nə həsr olunmuş tədbir keçirdi

Noyabrın 6-da Azərbaycan Dillər Universitetində (ADU) “9 Noyabr Bayraq Günü”nə həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu, Kitabxana İnformasiya Mərkəzinin bölmə müdiri Güllüzar Məmmədova, "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov, TUMİB-in İdarə Heyətinin üzvü Cabir Dövlətzadə, TUMİB-in Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əli Fərhadov, TUMİB-in Mətbuat Xidmətinin rəhbəri Səbinə Novruzzadə, TUMİB-in fəal üzvü Bəhram Əfsəlov və universitetin tələbələri iştirak edirdi. 
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin canlı ifa olunması ilə açıldıqdan sonra müstəqillik uğrunda canından keçən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edən Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev tədbirin yüksək səviyyədə hazırlandığını söylədi, təşkilatçılıq prosesində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. O, Dövlət bayrağı haqqında danışarkən bayrağın dövlətçilik ənənələrinin vacib atributu, hakimiyyət və müstəqilliyin göstəricisi olmasından bəhs etdi. Dövlətin mövcudluğunu sübut edən bayrağı, konstitusiyanı, gerbi sevməyin, onlara hörmət və ehtiram bəsləməyin vacibliyini vurğulayan prorektor Ələddin Əliyev tələbələrə sozügedən atributları daim uca tutmağı tövsiyyə etdi.
Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu çıxışında Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis olunan və bugünkü müasir Azərbaycan Respublikasına miras qalan üçrəngli bayraq barədə ümumi məlumat verdi, onun rəngləri və üzərində əks olunan ay, ulduzun rəmzi mənalarını izah etdi. Çətin bir tarixi şəraitdə müstəqillik əldə etmiş dövlətin bayrağının bu gün dünyanın mötəbər təşkilatlarının qarşısında dalğalanmasının qürurverici olduğunu deyən professor Məhəmməd Teymurlu üçrəngli bayrağımızın işğal altında olan torpaqlarımızda ucalacağına əminliyini ifadə etdi.
Professor Məhəmməd Teymurludan sonra çıxış edən TUMİB-in sədri Çingiz Bayramov bayrağımızın Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən Naxçıvanda dövlət bayrağı kimi təsdiq olunmasından bəhs etdi və gəncləri daim Heydər Əliyev və Prezident İlham Əliyev yolunda daim mübarizə aparmağa səslədi.
Çingiz Bayramovdan sonra Cabir Dövlətzadə və Əli Fərhadov çıxış edərək bayrağımızın ideoloji əsaslarını, tarixi keçmişini, azərbaycançılıq ideologiyasını gənclərə izah etdilər və gəncləri Heydər Əliyev tərəfindən ölkəmizdə əsası qoyulan multikulturalizm, tolerantlıq mühitinə dəstək olmağa çağırdılar.
Daha sonra ADU tələbələri tərəfindən hazırlanmış, o cümlədən bayrağımızın tarixini ozündə əks etdirən videoçarxlar təqdim olundu, şeirlər söylənildi. Görüş müzakirələrlə yekunlaşdı. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ