Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin keçirdiyi növbəti reyd zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan 122 motosiklet sürücüsü saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, saxlanılanlar arasında sürücülük hüququ olmadan motosiklet idarə edən, yüksək səs effekti yaradaraq sakinlərin rahatlığını pozan şəxslər üstünlük təşkil edib.
Reyd zamanı, həmçinin nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz dəyişiklik edən, əlavə işıq və səsboğucu qurğular quraşdıran 30 sürücü, yükdaşıma qaydalarını pozan 11 nəfər, piyada keçidlərində piyadalara yol verməyən 18 sürücü və sərxoş vəziyyətdə avtomobil idarə edən 6 nəfər barəsində də inzibati protokollar tərtib edilib.
DİN bildirib ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə bu cür profilaktik tədbirlər davam etdiriləcək.








