Rusiyada cinayət məsuliyyəti yaşının 12-yə endirilməsi təklif olunub.
APA-nın Moskva bürosu xəbər verir ki, bu təşəbbüslə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda çıxış edib.
"Biz yeniyetmələr üçün cinayət məsuliyyəti yaşının 12-yə endirilməsini təklif etdik, lakin heç bir dəstək tapmadıq”, - o bildirib.
Bastrıkinin sözlərinə görə, yeniyetmələr indi daha sürətli yetkinləşir və 12 və ya 13 yaşında cinayət törədirlər, lakin cinayət məsuliyyətinə cəlb olunmurlar.
O, nümunə olaraq İngiltərəni göstərərək, bildirib ki, burada cinayət cəzası üçün minimum yaş on ildir.
Qeyd edək ki, hazırda Rusiyada cinayət məsuliyyəti 16 yaşdan, bəzi ağır cinayətlər üçün isə 14 yaşdan başlayır. Ötən payız Prezident Vladimir Putin təxribat cinayətlərinə görə cinayət cəzası yaşının 16-dan 14-ə endirilməsini nəzərdə tutan qanunu imzalayıb.








